4 Fevral 2015 14:05

Avropa və MDB məkanında petisiyaya böyük diqqət var

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupu tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” və 20 Yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi istiqamətində petisiya həyata keçirilir.

İmzatoplamanın əsas məqsədi ermənilərin başqa millətlərə qarşı soyqırımı siyasəti yürtüməsini, işğalçı olmasını bir daha sübut etməkdir. Eləcə də, bu gün dünyada Azərbaycanın haqq səsini eşitməzlikdən gələn təşkilatlara bunu təkrarən yada salmaqdır.

Bəs görəsən, petisiya ilə bağlı nə kimi işlər görülüb və nəticə nədən ibarət olacaq?

“Petisiyanı öz ölkələrində yaydılar”

Azərbaycan Demokratik Gənclər Təşkilatının sədri, İşçi Qrupun beynəlxalq sahədə məsul şəxsi Asif Əsgərli bildirib ki, petisiya başlanandan əməkdaşlıq edilən Avropa, MDB ölkələrindəki həm qeyri-hökumət, gənclər təşkilatları, o cümlədən tanınan gənc liderlər və geniş şəbəkəyə malik insanlarla əlaqələr qurulub.

Onun sözlərinə görə, petisiya həm rus, həm də ingilis dilində həmin ölkələrdə yayılıb: “Xüsusilə, qeyd etdiyim böyük şəbəkələr vasitəsilə petisiya Facebook, Twitter və digər sosial şəbəkə qruplarında yayıldı. Əməkdaşlıq etdiyimiz və tərəfdaşımız olan insanlar tərəfindən müsbət reaksiyalar oldu. Qoşulan ölkələr sırasında qardaş Türkiyə, MDB məkanında Gürcüstan, Ukrayna, Avropada Rumıniya, Moldova oldu. Eyni zamanda, digər bir istiqamətimiz xarici ölkələrdə olan təşkilatların özlərinin bu petisiyanı yayması idi. Çünki bəzən olur ki, Azərbaycan tərəfindən yayılan petisiyaya Ermənistanla müharibə şəraitində olduğumuz üçün reaksiya verilmir. Amma həmin ölkələrin təşkilatları tərəfindən yayılanda daha tutarlı təsirləri olur. Ona görə də biz həmin tərəfdaşlarımıza təklif edirik ki, bu petisiyanı öz adlarından yaysınlar. Bu təşkilatlar da petisiyaları özlərinin sosial şəbəkədəki qruplarında yaydılar və Azərbaycanın bu haqq işinə dəstək olmağa səslədilər”.

“Tələbələr dəstək olur”

A.Əsgərli deyib ki, məsələyə Avropadakı diaspor təşkilatları da yaxından dəstək olur. Onun sözlərinə görə, Avropada təhsil alan azərbaycanlı tələbələrin qurduğu təşkilatlar, şəbəkələr bu işdə çox böyük köməklik göstərir: “Məsələn, azərbaycanlı tələbələr Almaniyada böyük bir tələbə təşkilatı yaradıblar və onlar bu petisiyanı çox geniş şəkildə yayırlar. Alman tələbələr, eyni zamanda, Almaniyada təhsil alan digər ölkələrin gəncləri arasında bu proses daha geniş yayılıb. O cümlədən bir çox ölkələrin parlament üzvləri, o cümlədən Türkiyə, Bosniya-Herseqovina və Rumıniyada imzatoplama kampaniyasına qoşulublar. Ümid edirəm ki, biz bu prosesi uğurla başa vuracağıq”.

“Sənədlər hərbi tribunala göndəriləcək”

İşçi Qrupunun üzvü onu da deyib ki, bu petisiya hansısa kampaniya xatirinə edilmir: “Haaqa Məhkəməsinə sənədləri təqdim etmək üçün bütün hüquqi proseduralardan keçməyi hədəfə almışıq. Yəni, bütün sənədlər hazırlandıqdan və proseduralar başa çatdıqdan sonra ictimaiyyətə təqdim edilməklə yanaşı, hərbi tribunala da göndəriləcək.

Ermənilərə gəlincə isə, imzatoplama kampaniyası başlandığı gündən indiyədək onların həm kəskin reaksiyasının, həm də səsvermə prosesində iştirakının şahidi oluruq. Əcnəbi dostlarımızın paylaşdığı qruplarda bu məsələni siyasi istiqamətə yönləndirmək istəyən ermənilər də var idi. Bu ermənilərə həm bizim, həm tərəfdaşlıq edən təşkilatların nümayəndələri tərəfindən diqqət ayrılır və öz reaksiyamızı veririk".

“Ermənilər boğaza yığılıb”

A.Əsgərli bildirib ki, petisiyada iştirak edən ermənilər çoxluq təşkil etmir: “Amma hər halda ermənilərin bura qoşulması özü maraqlı bir prosesdir. Qeyd edim ki, ictimai-siyasi fəal ermənilərin petisiyaya qoşulması onu göstərir ki, Ermənistanda olan indiki diktatura rejiminin başında duran, xüsusilə bəşəri cinayət törədən şəxsin əlindən, belə demək olarsa, boğaza yığılıblar. Ona görə də Sərkisyanın əleyhinə keçirilən və bunun hansı ölkə, o cümlədən Azərbaycan olmasından asılı olmayaraq, kampaniya qoşulmağı lazım bilirlər. Həm də bu kampaniyanın beynəlxalq müstəviyə keçməsinin şahidi olurlar. Bəlkə də, bu səbəbdən Ermənistanın siyasi rəhbərliyini nüfuzdan salmaq üçün bu prosesə qoşulurlar”.


“Ermənilərin də içində Sərkisyanın cinayətlərini anlayanlar var”

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət isə qeyd edib ki, Azərbaycanın bir qrup QHT-sinin bu kampaniyanı başlatması və hazırda davam etdirməsi həm ölkə içində, həm də xaricdə hər iki faciəmizlə bağlı təbliğat işinin davamlı olmasına hesablanıb. Onun sözlərinə görə, bəzən biz belə günlərimizi yalnız ildönümlərində xatırlayırıq, bir neçə gün tədbirlər olur və sonra da uzun müddətə unuduruq: “Amma belə bir uzunmüddətli kampaniya həmin tarixləri daimi olaraq yadda saxlamağa yardımçı olacaq”.

Ermənilərin petisiyada iştirak etməsi məsələsinə toxunan A.Həsrət əlavə edib ki, burada təxribat da ola bilər: “Çünki ermənilərin geniş şəkildə bu məsələyə dəstək verəcəyi ağlabatan deyil. Amma mümkündür ki, ermənilərin də içində öz dövlət başçılarının yanlış və cinayətlərini anlayanlar var və həmin adamlar belə kampaniyaya dəstək verə bilər”.

BƏXTİYAR


Müəllif: