5 Fevral 2015 22:04
729

Ötən ilin sentyabrında qalmaqallı qurultay keçirən Müsavat Partiyasında yeni seçkilər keçiriləcək. Müsavat Gənclər Təşkilatı (MGT) martda özünə sədr seçəcək. Bundan öncəki seçkisi qalmaqalla nəticələnən MGT-də hazırda 22 yaşlı Səma Qabulova müvəqqəti sədr vəzifəsini icra edir.

Qeyd edək ki, Müsavatda Tural Abbaslının GT-yə sədrliyindən sonra bütün tərəflərin qəbul etdiyi sədr olmayıb.
Yada salaq ki, ilk seçkilərdə Cavid Hacıbəyli sədr seçilsə də, sonradan seçkinin nəticələri ləğv olunmuş və təkrar seçkilər keçirilmişdi. Növbəti seçkilərdə isə Əhliman Abbas qalib gələrək rəhbərliyə başlamışdı. Amma onun sədrliyinə gənclər tərəfindən münasibət birmənalı olmadı.

Ə.Abbas gəncləri bir araya toplaya bilmədiyinə, iclasları vaxtlı-vaxtında keçirmədiyinə görə ona qarşı iradlar səslənirdi. Nəhayət, Müsavatın qurultayından sonra Ə.Abbas özü istefa verərək bu postdan ayrıldı. Ondan sonra partiyaya müvəqqəti olaraq S.Qabulova rəhbərlik edir. Səma xanım martdakı seçkilərdə namizəd olmayacağını söyləyib. O, gənclər arasında sədrliyə potensiallı gənclərin olduğunu desə də, konkret ad çəkmək istəmədi.

Bəs Ə.Abbasla vaxtilə rəqib olmuş, başqanlığa keçmiş namizəd Tural Abbaslının yaxın tərəfdarı Rüfət Hacıbəyli MGT-yə sədr seçkilərində namizədliyini irəli sürəcəkmi?

“Gənclər Təşkilatı bərbad vəziyyətə düşüb”

R.Hacıbəyli bildirdi ki, partiya nizamnaməsinə əsasən Gənclər Təşkilatının sədri yaşı 29-dək olan şəxs ola bilər: “Mənim yaşım 29 tamam olduğuna görə istəsəm də, namizədliyimi verə bilmərəm. Amma bu məsələni boş buraxmayacağıq. Çünki MGT-nin fəaliyyətinin güclənməsində, siyasi arenada bir nömrəli olmasında Tural Abbaslı və onun ətrafının böyük xidməti olub. İndi isə Gənclər Təşkilatı partiya rəhbərliyinin yersiz müdaxiləsinin, intriqa və şəxsi ambisiyasının qurbanına çevirib. Ona görə də MGT bərbad vəziyyətə düşüb. Biz də çalışacağıq ki, təşkilatın əvvəlki gücünə qaytarılmasında öz səylərimizi göstərək”.

“Arif Hacılı Qubad İbadoğlu ilə birgə Tural Abbaslıya qarşı birləşmişdi”

O qeyd etdi ki, sədr üçün potensialı olan gənclər kifayət qədərdir: “Bir neçə şəxs var, məsləhətləşmələr nəticəsində qərara gəlib həmin şəxsin namizədliyini irəli sürəcəyik”.Onun sözlərinə görə, özü MGT-yə sədr seçkiləri zamanı Əhliman Abbasla yox, partiya rəhbərliyi ilə rəqib olub:

“Arif Hacılı, Qubad İbadoğlu, Vurğun Əyyub bizə qarşı birləşmişdilər. Onlar Tural Abbaslının gələcəkdə qurultayda problem yaratmaması üçün öz aralarında razılığa gəlmişdilər. Ümid edirəm ki, Qubad bəygil bir daha o səhvə yer verməyəcək. Ola bilsin partiya rəhbərliyi bu dəfə də hansısa şəxsin arxasında durub onun sədr seçilməsi üçün çaba göstərəcək.

Amma Müsavat rəhbərliyi, doğrudan da, Gənclər Təşkilatının güclənməsini istəyirsə, onda bu işi Tural Abbaslı və onun ətrafının öhdəsinə buraxmalıdır. Çünki hamı bilir ki, Tural Abbaslı sədr olanda MGT hansı gücdə idi. Rəhbərlik onun sözü ilə oturub-duran, “oyuncaq” sədr istəyəcəksə, seçkilərə müdaxilə edəcək”.

Qeyd edək ki, Müsavat Partiyasının ötən ilin sentyabrında keçirilən başqanlıq seçkisində Arif Hacılı qalib gəlib. Onun rəqibləri Qubad İbadoğlu və Tural Abbaslı isə hazırki rəhbərliyin idarəçiliyini qəbul etmir. Q.İbadoğlu tərəfdarları təkrar qurultay keçirilməsinin, T.Abbaslının ətrafı isə fraksiya yaradılmasının tərəfdarıdır.

Nərgiz


Müəllif: