9 Fevral 2015 16:32
5 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Qərb və Rusiya arasında qarşıdurma var. Bu qarşıdurmanın nəticələri Dağlıq Qarabağ münaqişəsinin də həllinə təsir edəcək”.

Bunu Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Qərbin maraqlarına uyğundur: “Lakin Rusiya imperiyası üçün bu münaqişənin həlli milli maraqlara zərbədir. Çünki Rusiya Qarabağda atəşkəsi və daim bu atəşkəsin pozulması vəziyyətini ona görə yaradıb ki, istənilən vaxt müharibə etmək, Qərbin Azərbaycanda maraqlarını, kommunikasiya xətlərini, boru kəmərlərini vurmaq asan olsun. Hazırda gedən qarşıdurmada məğlub və qalib olmalıdır. Əgər Qərb və Rusiya razılıq əldə etsə, Qarabağın həlli yenə uzanacaq. Qərb qalib gəlsə, münaqişə həll olunacaq. Rusiya qalib gələrsə, Azərbaycan Mərkəzi Asiya respublikaları ilə birlikdə yenidən Rusiyanın tərkibinə daxil olacaq”.

V. Quluzadə son günlər cəbhədəki gərginliyin arxasında da Rusiyanın olduğunu deyib. Onun fikrincə, Ermənistanın da burda maraqları var.

“İrəvan cəbhədəki gərginlikdən daxili narazılığı sakitləşdirmək üçün istifadə edir. Yəni “biz müharibə vəziyyətindəyik, Azərbaycan bizi dağıtmaq istəyir, hər şeyə dözməlisiniz” deyə sadə erməniləri ələ almaq istəyir. Lakin hər şey böyük geosiyasi oyunun bir parçasıdır. Bir məsələni unutmamalıyıq. Böyük nüvə dövləti olan Rusiya buranı işğal edib. Qərb dilə gətirməsə də, bunu yaxşı bilir. Nə vaxt Rusiyanın arxası yerə vurulacaq, o zaman Qarabağ münaqişəsi də həll ediləcək”, - deyə o bildirib.

Lakin politoloq bunun konkret nə vaxt baş verəcəyini proqnozlaşdırmağın çətin olduğunu bildirib. Onun fikrincə, burda bir sıra faktorlar önəm kəsb edir: “Bu qarşıdurmada bütün ekspertlər Rusiyanın çökəcəyini proqnozlaşdırır. Lakin nə vaxt? Bunu heç kəs deyə bilməz. Çünki Rusiya ərazisi böyük olan ölkədir. Yetərincə, xammal ehtiyatına malikdir. Digər tərəfdən, rusların səbri sonsuzdur. II Dünya müharibəsində alman silahları qızarana qədər atəş edirdi, lakin ruslar öz meyitlərinin üzərindən yeriyərək irəliləyirdi. Stalin müharibənin sonunda "rus xalqının səbrinin sağlığına içirəm" demişdi. Bu gün Rusiya iqtisadiyyatı çökür, rubl ölür. Lakin ruslar kələm və soğan yeyərək də yaşaya bilərlər. Hansısa Qərb ölkəsində insanlar çörəyin üstünə yaxmağa yağ tapmayanda inqilab edir. Amma ruslar belə deyil. Bu xalq kəmiyyət baxımından olduqca böyükdür. 140 milyon müti xalq diktatorların əlində alət olub. Çarlar da, Stalin də məhz ruslara görə qalib gəliblər. Yəni qarşıdurma gedir, amma ruslar sona qədər dözmək gücündədirlər. Hər şey, o cümlədən Qarabağ məsələsi son nəticədən asılıdır. Əgər Rusiya qarşıdurmada çökməsə, bu, Putin üçün böyük qələbə olacaq”.


Müəllif: