15 May 2014 10:59
2 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaqub müəllim öz namizədliyini Əbülfəz bəyə görə geri götürməsəydi seçkilərin nə ilə nəticələnəcəyini bilmək çətin olardı. Yaqub müəllimin ən böyük səhvi Mütəllibovun 14-15 mayda yenidən hakimiyyətə gəlməsinə kömək etməsi oldu.”

Bunu "Moderator.az"-a açıqlamasında eks-spiker Rəsul Quliyev Ali Sovetin keçmiş sədri Yaqub Məmmədovun "1994-cü ilin yanvarın 4-də Rəsul Quliyev zəng edərək prezident Heydər Əliyevin məni qəbul edərək vəzifəyə təyin edəcəyini bildirdi. Amma bu olmadı" fikirlərinə münasibət bildirərkən qeyd edib.

“Yaqub müəllimin şəxsiyyətinə həmişə hörmətlə yanaşmışam. Baxmayaraq ki,1992-ci ildə bir dəfə məni Quba rayonunda tapıb (onda o prezidenti əvəz edirdi və namizədliyini irəli sürmüşdü) E.Məmmədovu təbliğ etdiyimə görə iradını bildirmişdi. 1994-cü ildə ona söz verib ancaq H.Əliyevlə görüşünü təşkil etmədiyim yadıma gəlmir. Çünki söz vermişdimsə nə üçün onu yerinə yetirməmişəm-bunu təsəvvür edə bilmirəm. Ola bilər ki, Əliyev onunla görşməmək üçün elə dəlillər gətirib ki, mən ona təzyiq göstərə bilməmişəm".

Y.Məmmədov Teleqraf.com-a açıqlamasında bildirdi ki, onun həmişə Rəsul Quliyevlə münasibətləri yaxşı olub: "Rəsul Quliyevlə bir neçə dəfə görüşmüşəm. Söhbətlərimizin hamısı yadımda deyil. Ola bilsin ki, onun dedikləri düzdür. Yəqin ki, prezidenliyə namizədliyimi Əbülfəz Elçibəyin xeyrinə geri götürməyim seçkilərin nəticələrinə təsir göstərdi. Amma mənim Mütəllibovun yenidən hakimiyyətə gəlməsinə dəstək verməyim barədə deyilənlər doğru deyil. Əksinə, mən buna qarşı çıxmışam. Mütəllibovu yenidən hakimiyyətə parlamentdəki deputatlar gətirdi. Yəqin ki, həmin hadisələr yadınızdadır. Deputatlar ayaqüstə onun gəlişini alqışladılar".

Y.Məmmədov onu da dedi ki, R.Quliyevi bir neçə dəfə qəbul edib: "Bizim söhbətlərimiz həmişə yaxşı alınıb. Bir dəfə Rəsul Quliyevi Etibar Məmmədovla birlikdə qəbul etdim. Etibar Məmmədov nəsə orada özünü başqa cür apardı. Rəsul Quliyev də ona hirsləndi ki, nahaq belə edir. Mən Rəsul Quliyevə baş nazir postunu təklif etmişdim, amma o, imtina etmişdi".

Ruslan


Müəllif: