11 Fevral 2015 11:37
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəs, Liberal İnternasionalın üzvü idik, nə oldu?"

Müsavat Partiyasından istefa verən Hikmət Hacızadə tanınmış müsavatçı Mirbaba Babayevin Qubad İbadoğlunun partiyadan çıxarılmasının nizamnaməyə uyğun olduğu barədə fikirlərinə şərh verib.

Sizə yanlış məlumat veriblər”

Teleqraf.com-un məlumatına görə, H.Hacızadə M.Babayevə cavab olaraq deyib ki, ona düzgün məlumat verməyiblər: “Hər bir təhlil toplanmış faktlara əsaslanmalıdır, amma gətirdiyiniz faktlarda bəzi çatışmazlıqlar gördüm. Bəlkə biz qarşı tərəfin də faktlarını dinləyək və yenidən təhlil aparaq? Yazırsınız ki, seçki “müəyyən nöqsanlarla keçirilib”, qarşı tərəf isə deyir ki, “həm səsvermədə, həm seçki qabağı ciddi nöqsanlar var idi”. Bunu araşdırmaq üçün qarşı tərəf MNTK-ya şikayət edib. Fəqət MNTK bütün şikayətləri rədd edib. Bundan sonra söz-söhbət başlamasın, neyləsin? Deyirsiniz ki, Qubad bəy və tərəfdarları “Seçkilərin nəticələrini tanımaq istəmədi, yalnız bir şərt qoydu ki, yeni qurultay keçirilsin”. Sizə yenə yanlış məlumat veriblər. Qubad bəy barışığa razı idi. O, barışığın forması da bir sənəddə əks olunmuşdu və partiya rəhbərliyinə təqdim edilmişdi. Bəlkə siz də o sənədi görmüşdünüz, bilmirəm. Sənəddə təklif olunurdu ki, hər iki tərəf bəzi qüsurları boynuna alsın və bundan sonra, münaqişə bitmiş hesab olunsun. Qubad bəy buna razı idi. Bu plan həyata keçsəydi, çoxdan münaqişə qurtaramışdı. Amma partiya rəhbərliyi başqa yol tutdu - güc yolu: “10-15 nəfər partiyadan kənarlaşdıraq, qalanları sakitləşəcək”. Onu də elədilər. Amma ara sakitləşmədi. Yazırsız ki “Arif Hacılı dəfələrlə Qubad bəyi birgə müzakirəyə dəvət etdi, ancaq Qubad İbadoğlu hay vermədi”. Bu təəccüblüdür, axı qəzetlər belə yazırdı ki, “Arif Hacılı və Qubad İbadoğlu görüşdülər”. Onlar görüşdülər, lakin razılığa gələ bilmədilər – bu isə başqa məsələdir”.

“Qarşı tərəf konkret nəyi əsas gətirir?”

O, M.Babayevə qurultaydan narazı kəsimin Məclisin, Divanın və MNTK-nın legitim olmadığı barədə fikirləri ilə maraqlanmadığı üçün irad da tutub: “Yazırsız ki, “Qubad bəy və tərəfdarları yeri gəldi, gəlmədi partiya başqanının (eləcə də Məclisin, Divanın və MNTK-nın) legitim olmadığını bəyan edir”. Bəs maraqlanmısınızmı, qarşı tərəf konkret nəyi əsas gətirir? Qarşı tərəf burada deyir ki, qurultayın ikinci günü olmadığına görə yeni Məclis seçilə bilmədi! Və növbəti gün yeni Məclisi köhnə Məclis seçib və bu səlahiyyətləri köhnə Məclisə qurultay verməyib. Beləliklə, bu buraxılmış qurum (köhnə Məclis) həm yeni Məclis, həm də partiyanın başqa rəhbər qurumlarını seçib. Məhz buna görə "onlar qeyri-legitimdir" deyirlər. Burada böyük bir problem var. Partiyada konsensus olanda belə şeylərə ciddi əhəmiyyət verilmir. Hə, nə olsun ki, seçdik də, onsuz da bunlar hamısı bizimkilərdir. Amma partiyada müxtəliflik və ya qarşıdurma olanda belə pozuntuların yanından keçilmir! Bunu bilmək lazım idi. Yeni vəziyyətdə partiyanı idarə eləməyi bacarmadılar. Yazırsız ki, Qubad bəy partiyadan düzgün olaraq xaric edilib, çünki: "1. Qubad bəy “Qurultayın qərarına qarşı kampaniya aparıb
2. Qubad bəy Divanın iclasına qatılmadı və bununla Nizamnaməni pozdu. Başqa dəlil nə isə görmədim”.

“Hamını susdurub cərgələrə qoşmaq lazım deyil”

H.Hacızadə əlavə edib ki, Müsavatda 21 əsrdə fərqli düşüncəyə görə insanlar cəzalandırılır: “Bağışlayın, məgər “qurultaya qarşı kampaniya aparmaq” hər bir partiya üzvünün haqqı deyil? İnsanı 21 əsrdə fərqli düşüncəyə görə cəzalandırmaq istəyirsiz? Elədir, ya sizi səhv başa düşmüşəm? Bəs, Liberal İnternasionalın üzvü idik, o nə oldu? Yalandan üzv olduq? Partiya üzvünün belə çıxışlar eləmək üçün tam haqqı var! Onun partiyaya qarşı konkret addımlar atmağa haqqı yoxdur. Məsələn, prezident seçkisində Müsavatın namizədini deyil, başqa birisini müdafiyə etmək haqqı yoxdur. Rəhbərlər haqqında danışmağa isə onun tam haqqı var. Qubad bəyə əvvəl söz verilmişdi ki, o video kameranı da iclasa gətirə bilər, sonra dedilər ki, “yox”, kameraya icazə vermirik, sən iclası maqnitafona yaz. Qubad bəyin maqnitafonu isə yox idi və o, belə münasibəti görüb iclası tərk etdi. Buna görə adamı partiyadan xaric edərlərmi? Yazırsız ki, “Biz yeni bir təcrübə qazandıq. “Söz azadlığı” prinsipinə Partiyada əsas prinsiplərdən biri kimi riayət olunmalıdır, lakin tək bu prinsipi əsas götürüb Nizamnamənin digər bəndlərinin pozulmasına yol vermək olmaz-bu, anarxiyaya gətirər. Yazırsız ki, hamı ağzına gələni danışsa anarxiya olacaq. Burada yenə də əzizimiz Əbdürəhman Vəzirovun “Demokratiya anarxiya deyil” sözləri yada düşür. Bəli, bu məsələni qavramaq bizim hamımıza olduqca çətindir. Paradoks buradadır ki, demokratiyanın (və igidin) başı qalda gərək! Onsuz olmur. Belə sistemi idarə etməyi bacarmaq lazımdır. Hamını susdurub cərgələrə qoşmaq lazım deyil. Güc ilə bu məsələ həll olunası şey deyil. Bu ağır şəraitdə demokratik partiyanın əsas gücü onun hakimiyyəti yox, onun keyfiyyətidir, onun mənəvi gücüdür, onun demokratik nümunəsidir. Gəlin, onu itirməyək”.

Nərgiz


Müəllif: