11 Fevral 2015 11:56
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dəyişiklik istəyən müsavatçılara olan nifrətiniz gözünüzü qan çanağına döndərib"

Hazırda Amerikada səfərdə olan Müsavat başqanlığına keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu Vaşinqtondan partiya başqanı Arif Hacılıya cavab verib.

Q.İbadoğlu ABŞ-a nigaran getdiyini deyib: "Arif Hacılının mənə ünvanlanan şər və böhtan dolu "Bizim missiyamız" yazısını oxudum. Arif Hacılı 90-cı illərdən qalma klassik üslubuna bir daha sadiqlik nümayiş etdirib, pafos və böhtan dolu bir yazını "bizim missiyamız" adı altında gün üzünə çıxarıb və məni anti-Müsavat kampaniyası aparmaqda, təhqir və böhtan yazmaqda ittiham edib. Hətta yazdıqca bir az da cuşa gəlib, uydurma fikirlərini dırnaq içərisinə salaraq məni qaralamaq üçün ictimaiyyətə nələrisə təlqin etməyə çalışıb".

"Şeytan da onlara həsəd aparar"

Q.İbadoğlunun sözlərinə görə, bütün çıxışlarında barışa çağırış var: "Bütün açıqlamalarımın ruhunda partiya daxilində barışa, sülhə, həmrəyliyə çağırış var. Ancaq yüz dəfə də oxusanız, bu işığı görə bilməyəcəksiniz, çünki mənə və ədalət, şəffaflıq, yenilik, dəyişiklik istəyən müsavatçılara olan nifrətiniz gözünüzü pərdələyib, qan çanağına döndərib. Sizin missiya adlandırdığınız 4 min 500 işarəlik yazınız birinci cümləsindən sonuncuya, təpədən-dırnağa kimi şər, böhtan, nifrət, irin və çirkabla doludur. Tapşırığınızı icra edən simasızları qoyuram bir qırağa, təkcə iki qardaşınızın mənim ünvanıma söylədikləri uydurma böhtan və təhqirlərə görə şeytan da onlara həsəd aparar. Bunlar heç şeytanın da ağlına gələ bilməzdi! Mən bağlı qapılar arxasında sövdələşmələrə getmirəm, sözümü, fikrimi açıq deyirəm".

Qeyd edək ki, Q.İbadoğlu Müsavat Partiyası Divanının qərarı ilə Nizamnamənin 1.9-cu bəndini, yəni partiya üzvünün partiyadaxili nizam-intizama əməl etmədiyi, partiyanın nüfuzunu qorumaqla bağlı müddəasını kobud surətdə pozduğu üçün təşkilatın sıralarından xaric olunub. Bu qərara etiraz olaraq Q.İbadoğlunun bir neçə tərəfdarı Müsavatdan istefa verib. Eyni zamanda, tanınmış müsavatçılar Q.İbadoğlunun partiyadan uzaqlaşdırılmasına etiraz bəyanatı yayıblar. Bəyanata sabiq başqan müavinləri Mehman Cavadoğlu, Məryəm Oruclu, keçmiş Divan üzvləri Almaz Əliqızı, Adil Qeybulla, Vurğun Əyyub, Rafiq İsmayıl, Məlahət Mürşüdlü, Hökümə İbrahimli, MNTK-nın sabiq sədri İbrahim İbrahimli, hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı imzalayıb. Vurğulanıb ki, tənqidi mövqelərinə görə partiya üzvlərinin cəzalandırılmasına son qoyulsun, repressiyalar dayandırılsın, partiyadaxili dialoqlar təşkil olunsun.

Adlarından da göründüyü kimi Müsavat qurucuları olan bu şəxslər Q.İbadoğluna qarşı qərardan narahatdır.

Bəs Müsavat rəhbərliyi bu müraciətə müsbət cavab verməzsə, onların tutacağı mövqe nədən ibarət olacaq?

Mehman Cavadoğlu susqunluğunu pozmur

Partiyanın qurultayından bəri jurnalistlərin suallarını cavablamaqdan imtina edən Mehman Cavadoğlu yenə də bu barədə danışmaq istəmədiyi söylədi. O, sözügedən bəyanata imza atdığını təsdiqləyərək partiya sıralarında qaldığını bildirməklə kifayətləndi.

"Müsavatdan istefa məsələsi proseslərdən asılı olacaq"

MNTK-nın sabiq sədri İbrahim İbrahimli deyib ki, Müsavat rəhbərliyi imzaladıqları bəyanata münasibət bildirəndən sonra fikirlərini ictimaiyyətə təqdim edəcək: "Müsavatdan istefa barədə hələ ki düşünmürük. Hər şey gedən prosesdən asılı olacaq. Partiyanın apardığı müzakirələri dəyərləndirəndən sonra qərarımızı verəcəyik".

Gözləntilərə gəlincə, İ.İbrahimli vurğulayıb ki, bu barədə danışmaq çətindir: "Çünki ötən prosesləri nəzərə alsaq, bir şey gözləməyə o qədər də əsasımız yoxdur. Amma düşünürük ki, nə vaxtsa yəqin ki, Müsavat Partiyasında normal düşüncə qalib gələcək və düzgün qərarlar qəbul etməyə başlayacaqlar".

"Qıraqdan baxanlar bu proseslərə baxıb gülüşürlər"

Hüquq müdafiəçisi Səidə Qocamanlı əvvəla Müsavat qurultayında nümunəvi demokratik seçkinin şahidi olduğunu deyib: "Hər iki tərəfin günahı, çılğınlıqları var. Birdən-birə qəti qərar verməyin də əleyhinəyəm. Müsavat hamının gözü qarşısındadır. Partiyanın 1 dostu olanda, 10 düşməni var. Qıraqdan baxanlar bu proseslərə baxıb əl çalıb gülüşürlər. Bunları görmək çox ağrılıdır. Hüquq müdafiəçisi kimi həmişə sülhpərvər olmuşam. Biz uşaq deyilik ki, bir-birimizi təhqir edək. Masa ətrafında müzakirə edib qərara gəlmək olardı".

İstər Müsavatın hazırki rəhbərliyinin komandasında təmsil olunan tərəflər, istərsə də, partiya qurultayından narazı qalan kəsim və onların təəfdarları öz mövqeyini ifadə edib. Partiyanın keçmiş başqanı İsa Qəmbər isə partiyada baş verən proseslər barədə susur. Müsavatın sıravi üzvləri onun Facebook statusunda dəfələrlə məsələ barədə mövqeyini soruşsalar da, İ.Qəmbər bu barədə heç bir reaksiya verməyib.

NƏRGİZ


Müəllif: