11 Fevral 2015 14:44
1 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXP sədri mövqeyini niyə dəyişdi?

Fevralın 4-də "Azadlıq-2015" Seçki Blokunun yaradıldığı elan olunub. Blokda səkkiz siyasi partiya birləşib. İndi blokda cəmləşən partiyalar özlərinin strukturlarını formalaşdırırlar. Əldə etdiyimiz məlumata görə, KXCP, Aydınlar, AzDP, BAP, VİP, ALDP, AXP və Azadlıq Partiyasının sədri həm də seçki blokunun Siyasi Şurasının üzvləri hesab olunacaq. Siyasi Şura seçki blokunun ali orqanı olacaq. Bundan başqa, blokun seçki qərargahı yaradılacaq. Seçki qərargahına hər partiyadan əlavə bir nəfər cəlb ediləcək. İlkin məlumatlara görə, blokun seçki qərargahına Xalq Partiyasının sədri Pənah Hüseyn sədrlik edəcək.

Qeyd edək ki, Pənah Hüseyn 2005-ci ildə də "Azadlıq" seçki blokunun seçki qərargahının rəhbəri olmuşdu və sonradan parlamentə düşə bilmişdi. Əldə etdiyimiz məlumata görə, Pənah Hüseyn indi də seçki qərargahına rəhbərlik etmək niyyətindədir. Ancaq bunun baş tutub-tutmayacağı bəlli deyil. Birincisi ona görə ki, blokda təmsil olunan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu təşəbbüsü dəstəkləmir, KXCP sədri Mirmahmud Mirəlioğlu da bu haqda fikrini deməyib. Eləcə də, ALDP-nin və Aydınlar partiyasının bu məsələyə münasibəti aydın deyil. Hətta deyilir ki, seçki qərargahına rəhbərlik etmək təşəbbüsü Pənah Hüseynin özündən gəlib. Bu da müəyyən qədər təəccüb yaradıb.

Ancaq təəccüb yaradan həm də başqa bir məsələdir. Söhbət ondan gedir ki, son 25 ildə seçkilərlə bağlı məsələdə Pənah Hüseyn Müsavat Partiyasının mövqeyindən fərqli mövqe nümayiş etdirməyib. Hansı bloka daxil olubsa, orada daha çox Müsavatın irəli sürdüyü təşəbbüs və təklifləri dəstəkləyib, faktiki olaraq Müsavatın yanında olduğunu nümayiş etdirib. İndi isə ilk dəfədir ki, Pənah Hüseyn Müsavatdan fərqli mövqe nümayiş etdirir, Müsavatın daxil olmadığı seçki blokuna qatılır və hətta blokun seçki qərargahının rəhbəri vəzifəsini əldə etmək istəyir. Bu isə həm də uzun illər müxalifətdə olan digər partiyaların ciddi narahatlığına səbəb olur. Bəzi partiyalar açıq ifadə etməsələr də, bu gedişdən şübhələnməyə başlayıb. Hətta hesab edirlər ki, bu, daha çox Müsavat Partiyasının maraqlarından doğur. Çünki Milli Şura və ya AXCP ilə seçkiyə gedə bilməyəcəyi təqdirdə Müsavat yenidən bu bloka daxil olacaq. Bu zaman vacibdir ki, blokun seçki qərargahına Müsavat və ya ona yaxın şəxs rəhbərlik etsin. Ancaq məsələnin başqa tərəfi də var. Əgər Müsavat Partiyası özü seçki bloku yaratmaq niyyətini ortaya qoyarsa, bu zaman çalışacaq ki, "Azadlıq-2015" Seçki Blokunda təmsil olunan, lakin ona yaxın olan partiyaları ətrafına gətirsin. Başqa sözlə, lazım gələrsə, bir neçə partiyanın bu blokdan istefa verməsinə nail ola bilsin. Bu prosesdə də önəmli rolu Pənah Hüseyn oynaya bilər. Odur ki, indi Müsavatın dəsti-xəttinə bəlli olan partiyaların bir çoxu düşüncəyə dalıb. Çünki seçkiyə uzun müddət qaldığı üçün beş aydan sonra hansı proseslərin baş verə biləcəyini dəqiqləşdirmək mümkün deyil. Bu səbəbdən də hesab olunur ki, Müsavat yeni seçki blokunda əsas struktura nəzarət etmək imkanını əldə edir və ya gələcəkdə bu bloku dağıtmaq üçün indidən hiss olunmayacaq manevrlərə başlayıb.

Yeri gəlmişkən, Pənah Hüseyn özü də etiraf edib ki, indiyə qədər bütün seçkilərdə Müsavat Partiyası ilə birlikdə olub: "Müsavat Partiyası öz mövqeyini açıqlayıb. Onlar hələlik seçkilərdə seçki bloku şəklində iştirak etməkdən daha çox müstəqil, yəni tək partiya olaraq iştirak etməyin taktikasını elan ediblər. Mövqelərini ifadə eləyiblər və blok yaradılması müzakirələrində də iştirak eləməyiblər. Ona görə də Müsavat Partiyası ilə AXP-nin mövqeləri fərqli olub".

CAVİDAN


Müəllif: