11 Fevral 2015 14:47
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu, sənin “qəzəb gəldi, ədəb getdi” missiyandır"

Müsavat Partiyası başqanı Arif Hacılı ilə başqanlığa keçmiş namizəd Qubad İbadoğlu arasında yaşanan polemikaya Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli də qoşulub.

“Özünü ziyalı hesab edirsənsə, əks arqumentini söylə”

Teleqraf.com-un məlumatına görə, A.Hacılının qardaşı V.Hacıbəyli Qubad İbadoğlunun ittihamlarına cavab verib: “Qubad İbadoğlu həm də məni nəzərdə tutaraq yazır ki, ”qardaşınızın mənim ünvanıma söylədikləri uyduma böhtan və təhqirlərə görə şeytan da onlara həsəd aparar. Bunlar heç şeytanın da ağlına gələ bilməzdi!”

Bu mövzuda yazdıqlarımı diqqətlə bir də oxudum, fikirləşdim, bəlkə nəsə olub ki, bu adam məni bu şəkildə təhqir edir. Bu dövrdə aramızda olan polemikanın qısa xülasəsini vermək istəyirəm ki, şeytanın kimliyi hamıya məlum olsun. Şükür ki, bu mövzuda Facebook-da yazdığım statusların hamısı saytlar tərəfindən də dərc edilib, yəni nəyisə indi dəyişmək qeyri-mümkündür. Qurultaya qədər bu mövzuya heç toxunmadım, münasibət bildirmədim. Qurultaydan sonra dostumuzun İsa bəyə və Müsavat rəhbərliyinə ünvanlanan ittihamlarına cavab olaraq yazmışam: “İsa bəyin səs hüququnu kim əlindən alıb ki? O, müsavatçı deyil, bəyəm? Budurmu sizin yeni təfəkkürünüz, yeni nəfəsiniz, yeni simanız? Kənardan heç də yaxşı görünmür, vallah”. Qubadın mənə cavabı da bu olub ki, onun danışmağa mənəvi və siyasi hüququ yoxdur. Mən isə belə cavab vermişəm: “Deyirsən ki, mən bütün Müsavat rəhbərliyinə qarşı apardığım mübarizədə uduzmuşam, mən də bunu faktlarla təkzib etmişəm. Əgər özünü ziyalı hesab edirsənsə, əks arqumentini söylə, dediyini sübut et. Arqumentin yoxdursa “sən özün pis adamsan” tipli polemikaya keçmə, çünki bu sayaq polemika ziyalıya yaraşmır”.

“Bu, sənin “qəzəb gəldi, ədəb getdi” missiyandır”

V.Hacıbəyli xatırladıb ki, ötən il noyabrın 8-də Müsavatda Q.İbadoğlunun tərəfdarları ilə keçirdiyi görüşə hərə bir cür qiymət verəndə özü barışdırıcı mövqedən çıxış edib: “Yazmışdım ki, Qubad İbadoğlu noyabrın 8-ə bütün müsavatçıları yığıncağa dəvət edərək “bu görüşün Müsavatın çağdaş tarixində barışıq, birlik, vəhdət və bütövlük görüşü kimi yadda qalacağına inandığını” bəyan edib. Nə qədər lazımlı və gözəl sözlərdi. Mən bu sözlərin səmimiyyətinə inanmaq istəyirəm və hamını da buna inanmağa çağırıram”. Mənim bu xoşməramlı mövqeyimə dostumuzun reaksiyası isə bu şəkildə oldu: “O gedib biznesi ilə məşğul olsun”. Yeni hərəkat yaratdıqlarını bəyan edəndə də bəzi dostlarımızın aqressiv reaksiyalarına cavab olaraq yazmışam: “ADR-in yaradılması barədə bəyannaməni oxudum və bu münasibətlə verilən ilkin rəylərlə tanış oldum. Partiya üzvlərinin ictimai hərəkat yaratmasının partiya nizamnaməsi ilə bir araya sığmadığı barədə açıqlamaların hüquqi əsası yoxdur. Hesab edirəm ki, siyasi baxımdan da qəbul edilən qərar yaranmış vəziyyətdən məqbul çıxış yollarından biridir. Bu prosesin partiyanın rəsmən parçalanması və ya hansısa tapşırığın yerinə yetirilməsi kimi dəyərləndirilməsi isə ən azı tələsik verilən qiymətdir. Hər şey indidən sonra atılacaq addımlardan, xoş niyyətli olub-olmamaqdan çox asılıdır. Mən tam səmimiyyətlə hərəkatın yaradılması barədə bəyanatı imzalayanlara uğurlar arzulayıram və xeyirli olsun deyirəm”. Yazdıqlarımın mətnindən də görünür ki, bu məsələdə mənim mövqeyim kimlərə qarşıdır. Ən azı heç kəs məni qərəzli olmaqda, ədalətin yanında olmamaqda suçlaya bilməz. Müsavat Divanının Qubad bəylə bağlı qərarına gəldikdə isə bu məsələdə mövqeyim Mirbaba Babayevin mövqeyi ilə tam üst-üstə düşür. Qubad İbadoğluna isə sözüm budur: “Get yazdıqlarını soyuq başla bir də oxu, ya da ədalətinə ən çox güvəndiyin adama oxutdur, onda biləcəksən ki, bu irin-qan yığnağı ziyalının missiyası ola bilməz, bu, sənin “qəzəb gəldi, ədəb getdi” missiyandır. Bu missiyanın isə sənin sözdə istinad etdiyin ədalətə və demokratik ideallara heç bir dəxli yoxdur!”

Nərgiz


Müəllif: