11 Fevral 2015 15:23
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rasim Musabəyov: “Almaniya və Türkiyənin namizədliyinin Ermənistan tərəfindən qəti etiraz doğuracağı gözləniləndir”

“Prezident İlham Əliyevin Münhen konfransında erməni nümayəndəsinə sərt cavabı Azərbaycan xalqının əhval-ruhiyyəsini və bizim dövlətimizin iradəsini tamamilə əks etdirirdi”.

Bu sözləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov ölkə başçısının çıxışından sitat gətirərək qeyd edib ki, Prezident İlham Əliyevin Ermənistan nümayəndəsinə cavabı alqışlanan haldır: “Prezidentimiz sual etdi: erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə edir? Erməni əsgər Ağdamda, Füzulidə nə axtarır? Əgər o, öldürülmək istəmirsə, qoy Ağdama getməsin”. Ölkə başçısı qeyd etdi ki, ermənilər sülh razılaşmasının nailiyyətini sabotaj edirlər, BMT-nin qətnaməsinin icrasından yayınırlar, Ermənistanı Azərbaycanın ərazilərini işğaldan azad etməyə çağıran ATƏT, AŞPA və başqa beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymurlar. Ancaq öz nüfuzlu lobbisinə görə ermənilər lazımi beynəlxalq təzyiqə məruz qalmır. Prezident İlham Əliyev diqqəti yönəltdi ki, postsovet məkanında bütün münaqişələrə eyni mövqedən yaxınlaşmaq lazımdır. Azərbaycanın ərazi bütövlüyü Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir".

Deputat bildirib: “Erməni əsgəri ölmək istəmirsə, torpaqlarımızdan rədd olsun” .

R.Musabəyovun sözlərinə görə, ikili standart siyasəti göz qabağındadır və buna görə Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan faktiki olaraq şəxsi resurslarına bel bağlayıb: “Ölkə başçısı çıxışında dedi ki, 21 il bundan əvvəl atəşkəs rejimi elan olunanda Azərbaycanın əsas hədəfi dövlət və güclü iqtisadiyyat qurmaq, özümüzə güvənmək idi”.

Deputatın fikrincə, İ.Əliyevin Münhen konfransındakı diplomatik və maksimum sərt cavabları ermənilərə və onları himayə edən güclərə mesaj verdi ki, ermənilər Azərbaycan torpaqlarını işğal etdikləri üçün onsuz da dünyanı heç nə ilə inandıra bilməzlər və hansısa bəyanat və çağırışlar effekt verməyəcək.

R.Musabəyov ATƏT-in Minsk qrupunun həmsədrliyinə Almaniya və Türkiyənin daxil edilməsi barədə təkliflərə də münasibət bildirib. Onun fikrincə, Almaniyanın və Türkiyənin Minsk qrupuna daxil olması ilə fəaliyyətin effektivliyini yüksəldəcəyinə dair tutarlı arqument yoxdur.

Politoloq hesab edir ki, Minsk qrupunun tərkibinin dəyişməsi, yaxud həmsədr ölkələrin sayının artması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda irəliləyişə gətirib çıxarmayacaq: “Əgər həmsədrlərin sayını təklif olunan kimi beşə qədər artırsaq, onda qorxuram ki, vasitəçilik edən dövlətlərin özlərinin arasında fikir ayrılıqlarının öhdəsindən gəlmək üçün xüsusi moderator təyin etmək lazım olacaq. Almaniya və Türkiyənin namizədliyinin Ermənistan tərəfindən qəti etiraz doğuracağı gözləniləndir.

Əlbəttə, Ankara regional dövlət kimi Moskva, Paris və Vaşinqtonla ikitərəfli dialoq ilə vasitəçilərin səylərinə təsir edə bilər. Almaniya Avropa Birliyinin nüfuzlu üzvü kimi münaqişənin nizama salınma prosesinin stimullaşdırılması üçün qüdrətli ümumavropa birləşməsinin maliyyə-iqtisadi və siyasi resurslarını cəlb etmək imkanına malikdir. Bir sözlə, Qarabağ münaqişəsinin nizama salınma prosesinin irəliləyişi üçün dövlətlərin praktik səyləri lazımdır, vasitəçilik edən strukturların dəyişdirilməsinin əvəzinə mövcud imkanlar genişlənməlidir".

NƏRGİZ


Müəllif: