12 Fevral 2015 14:22
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

“75 yer ifadəsini Əli Kərimli işlətmişdi”

Bu gün müxalifət düşərgəsində təmsil olunan əksər siyasi qüvvələrlə hakim partiya təmsilçisi arasında sayca ikinci görüş keçiriləcək. AXCP və Müsavat istisna olmaqla, əksər siyasi partiyalar bu görüşü müsbət qarşılayıb. Hətta AXCP bu görüşü müxalifətçiliyə xəyanət adlandırıb.

Görüşdə iştirak edəcək ADP sədri Sərdar Cəlaloğlu xəyanət iddialarına cavab verib. Onun sözlərinə görə, müxalifətin hamısının bir nəfər kimi dialoq prosesində iştirakı vacib deyil: “Bəlkə, bu, müxalifəti məğlubiyyətə aparır. Əgər belədirsə, onda bu prosesdə iştirak etməyən və bizi ittiham edən partiyalar müxalifəti xilas edəcək. Bu baxımdan müxalifətin hamısının bu prosesdə iştirakı da vacib deyil.

Müxalifətin öz daxilində də fikir azadlığı, hadisələrə fərqli baxışlar olmalıdır. Müxalifətdə ayrı-ayrı partiyaların olmasının mənası odur ki, onlar müxtəlif yollarla irəliləyirlər”.

ADP sədri qeyd edib ki, demokratiya şüurunun olmaması səbəbindən kimlərsə müxalifətin iqtidarla danışığa getməyini satqınçılıq kimi başa düşür: “Halbuki, konsensus demokratiyanın əsas prinsipidir. Konsensus olmayan yerdə hansı demokratiyadan danışmaq olar? Konsensus iqtidar və müxalifətin uzlaşdırılmasıdır. Uzlaşdırma olmasa, dünyanın hansı ölkəsində demokratiyadan danışıla bilər? İndi müxalifətdə bəzi adamlar deyir ki, iqtidarla uzlaşmaq olmaz. Çünki bunlar totalitar təfəkkürlü insanlardır, demokratiyanın nə olduğunu bilmirlər. İndiyə qədər də bunu həzm edə bilməyiblər. Ancaq müxalifətdə bir qüvvə var ki, demokratiyanın nə olduğunu bilir, demokratik düşüncəyə malikdir və deyir ki, bəli, biz iqtidarla konsensusa gəlməli, bəzi məsələləri müzakirə etməli, razılaşmalıyıq. İqtidarda da hesab edirlər ki, müxalifətlə əməkdaşlıq lazımdır. Əks proses radikal müxalifəti gücləndirə bilər. Bizim əsas məqsədimiz sağlam düşünən insanları bir araya gətirmək olmalıdır. Dialoqun da əsas məqsədi budur. Təbii ki, Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin düşmən münasibətdə olmasını, xalqın cəbhələşməsini istəyən qüvvələr var. Çünki bu, ümumilikdə bizi zəiflədir, məhv edir. Bizim dövlət kimi mövcudluğumuzun əleyhinə olan qüvvələr var və bunu gizlətmək də lazım deyil”.

ADP sədri əlavə edib ki, əslində, dialoqda hər bir partiyanın marağı var: “Siyasət elə maraqları təmin etmə sənətidir. Kim desə ki, siyasətlə məşğul oluram, amma marağım yoxdur, demək, həmin şəxs siyasətlə məşğul deyil. Maraqların müəyyən olunması və onun təmin edilməsi məsələsi var. Dialoq da əslində, buna xidmət edir. Təbii ki, hər bir partiya özünün əsas marağını müəyyən etməlidir. ADP olaraq bizim əsas vəzifəmiz qarşıdan gələn seçkilərdə iştirak etmək və parlamentdə təmsil olunmaqdır. AXCP-nin sədri 8 ildir pasport ala bilmir. Bəzən insan reallıq hissini itirir, beynəlxalq konyukturanı nəzərə almır”.

Cəlaloğlu onları ittiham edənlərə xatırladıb ki, müxalifətin 2005-ci ildə parlamentə düşmək şansı olub, ancaq bunun qarşısını elə müxalifətdə olan ambissiyalı liderlər kəsib: “2005-ci ildə danışıqlar olmuşdu. Ancaq müxalifətdə olan bəzi liderlər dedi ki, biz 75 yer istəyirik. Bununla da prosesin üzərindən xətt çəkdi. Konkret olaraq 75 yer ifadəsini Əli Kərimli işlətmişdi. Ancaq həmin vaxt təklif var idi ki, müxalifətdən 35 nəfər seçkilərə qatılsın, yerdə qalan dairələr isə azad buraxılsın. Buna da imkan vermədilər”.

CAVİDAN


Müəllif: