12 Fevral 2015 21:19
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı Vaduts şəhərinə işgüzar səfəri çərçivəsində Knyazlığın parlamentinin sədri Albert Frik ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun salamlarını çatdıran səfir onun tərəfindən lixtenşteynli həmkarına ünvanlanmış rəsmi səfərə dair dəvət məktubunu A.Frikə təqdim edib. Ə.Zeynallı Azərbaycanın Lixtenşteynlə əlaqələrə əhəmiyyət verdiyini qeyd edərək, Lixtenşteyn parlamenti sədrinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

Lixtenşteyn Knyazlığının da Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdıran A.Frik dəvətə görə təşəkkür edib və dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini bildirib.

Görüş zamanı Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə, o cümlədən, regionda baş verən son proseslərə dair ətraflı fikir mübadiləsi aparılıb.


Müəllif: