13 Fevral 2015 20:16

Kamran Ramazanlı: “Cəmiyyət onun şəxsi kooperativi deyil”

“Uzun illər siyasətdə olan adamın bu cür açıqlama verməsi təəssüf doğurur”. Bu fikirləri əslən Borçalıdan olan araşdırmaçı Kamran Ramazanlı Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

K.Ramazanlı qeyd edib ki, Z.Məmmədli 2009-cu ildən cəmiyyətin sədri olmasına baxmayaraq, indiyədək Borçalıda olan problemlərlə bağlı beynəlxalq təşkilatlar və Gürcüstan hakimiyyəti qarşısında məsələ qaldırmayıb: “Ötən ilin oktyabrın 19-dan Zəlimxan Məmmədli Gürcüstana buraxılmır və özünün şəxsi maraqlarına toxunanda mətbuatın ulduzuna çevrilir.

Demokratiyadan danışan bir adamın xırda bir tənqidə dözə bilməməsindən görünür ki, bu insan avtoritar düşüncə sahibidir. Kim ki, onun fikri ilə razılaşmırsa, həmin adam haqqında düşmən obrazı yaradır. Bu, bolşevik təfəkkürüdür. O qeyd edir ki, guya mən cəmiyyətin üzvü deyiləm. Zəlimxan Məmmədlinin diqqətinə çatdırıram ki, 1993-cü ildə Borçalı Cəmiyyəti təsis olunanda orada iştirak etmiş ilk üzvlərdənəm. Bu cəmiyyətin üzvü olmağımla da fəxr edirəm.

Bu cəmiyyət Zəlimxan Məmmədlinin şəxsi kooperativi deyil, bura bütün borçalılarındır və onlar Borçalı Cəmiyyətinin üzvüdürlər. O, özü Borçalı Cəmiyyətinə təyin olunana qədər ümumiyyətlə bu təşkilatın üzvü olmayıb. 1993-cü ildə onun əlində geniş imkanlar var idi, Xətai rayon icra hakimiyyətinin başçısıydı. O dönəmdə bir dəfə də Borçalı Cəmiyyətinin birinin üzvünün xeyrinə-şərinə yaramamış bir adam kimi yaddaşlarda qalıb”.

AZAD


Müəllif: