16 Aprel 2014 17:15

Mübariz Qurbanlı: “Ermənistana da mütləq sanksiyalar tətbiq olunmalıdır”

“Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin birinci rübünün yekunlarına dair iclasında çıxışında xarici siyasət və Dağlıq Qarabağ məsələsi ilə əlaqədar çox dəqiq fikirlər ifadə etdi. İclasda hazırda dünyada beynəlxalq münasibətlərdə yaşanan böhran və onu törədən səbəblər barədə danışılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bu gün beynəlxalq münasibətlər sistemində çox dərin bir böhran yaşanmaqdadır: “BMT və digər qurumların qətnamələri, qərarları yerinə yetirilmir və bu da bir anormallıqdır. Ona görə də cənab prezident bu məsələlərə toxundu və haqlı olaraq qeyd etdi ki, sanksiyalar sistemi, sanksiyaların tətbiqi məsələsi gündəmdədirsə, bu sanksiyalar Ermənistana və Dağlıq Qarabağda işğalçılıq hərəkətləri yerinə yetirən şəxslərə də tətbiq olunmalıdır. Bu sanksiyaların zamanında təcavüzkar Ermənistana və bu təcavüzkarlığı həyata keçirənlərə tətbiq edilməməsi ikili standartın bariz nümunəsidir”.

M.Qurbanlı hesab edir ki, bu kimi hadisələr indiki şəraitdə beynəlxalq münasibətlərin fundamental prinsiplərində çox dərin böhran yaradıb: “Əgər bu gün hansısa bir ölkə başqa ölkənin ərazisini özünə birləşdirməyə görə sanksiya ilə üzləşirsə, bu sanksiya Ermənistana da tətbiq olunmalıdır. Yəni beynəlxalq münasibətlər sistemində ikili yanaşma baş verdikdə, istər-istəməz bir bumeranq kimi qayıdıb ikili yanaşmanı tətbiq edənlərin özünə dəyəcək. Ona görə də cənab prezidentin söylədiyi fikirlər tamamilə haqlıdır və hesab edirəm ki, bizim diplomatiyamızın da bu istiqamətdə gördüyü işlərə bir dəstəkdir və bizim beynəlxalq təşkilatlardakı fəaliyyətimiz üçün bir örnəkdir”.

M.Qurbanlının sözlərinə görə, Ermənistana da mütləq sanksiyalar tətbiq olunmalıdır və bu istiqamətdə fəaliyyət gücləndirilməlidir: “Yəni Ukrayna hadisələrində beynəlxalq münasibətlər sisteminin bütün qanunlarını və qaydalarını tətbiq etməyə çalışdıqları halda, Dağlıq Qarabağ məsələsində biz bunu görmədik. Ölkələrin ərazi bütövlüyü ilə bağlı beynəlxalq təşkilatlar bir araya gəlib sanksiyalar tətbiq edirlərsə, qərarlar qəbul edirlərsə, etsinlər, amma bunu hamıya tətbiq etsinlər, hamıya eyni gözlə baxsınlar”.

Səxavət


Müəllif: