23 Fevral 2015 10:27
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Cəfərov: “Qazaxıstanın latın əlifbasına keçməsi türk dünyası üçün böyük hadisədir”

“Türk dünyasında həm iqtisadi, həm siyasi, həm də mədəni inteqrasiya qaçılmazdır. Artıq bu prosesin lazımi səviyyədə getdiyini müşahidə edirik. Doğrudur, bu prosesdə ortaya problemlər də çıxır, amma problemlərin həlli üçün maraq da güclüdür. Qazaxıstanın latın əlifbasına keçməsi üçün çoxdan hazırlıq prosesi gedirdi. Təxminən 10 il əvvəl Qazaxıstandan mütəxəssislər ölkəmizə gəlib müəyyən müzakirələr apardılar, latın əlifbasına keçidlə bağlı bizim təcrübəmizi öyrəndilər. Yəni bu prosesdə hansı çətinliklər oldu, onlar necə həll edildi. Eyni zamanda, Qazaxıstan mütəxəssisləri Türkiyəyə səfər edərək bu ölkənin təcrübəsini öyrəndilər. Yəni geniş təhlillər, araşdırmalar nəticəsində Qazaxıstanda latın əlifbası tətbiq edildi. Qazaxıstanda da bu əlifbaya keçmək çətin proses idi. Çünki bu ölkədə xeyli sayda millətlər yaşayır, rusdilli əhali də çoxdur. Ona görə də, bu proses təmkinlə həyata keçirildi. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev müdrik insandır, türk dünyasının ağsaqqalarından biridir. Türk dünyasının inteqrasiyasında onun xidmətlər böyükdür. Bu prosesdə bu gün də Nursultan Nazarbayevin məsləhətləri mühüm rol oynayır”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov türk dünyasının inteqrasiyası və birliyi haqda suala cavab verərkən deyib.

Atatürk Mərkəzinin rəhbəri daha sonra söyləyib ki, Qazaxıstanın latın əlifbasına keçməsi türk dünyası üçün böyük hadisədir. Hazırda Özbəkistanda da bu proses gedir. Qazaxıstan böyük ölkədir. Eyni zamanda, qazax dili qıpçaq dillərinin ən geniş yayılmış dilidir. Bu o deməkdir ki, artıq qırğızların, başqırdların, tatarların və digər qıpçaq türklərinin də latın əlifbasına keçməsi üçün geniş imkanlar yaranır. Bu dillər fonetik quruluş etibarilə çox yaxındır. Eyni zamanda, qazaxlar böyük xalq olduğu üçün onların üzərində böyük nüfuzu var. Fikrimcə, türk dünyasının inteqrasiyası qaçılmazdır və bu proses davam edəcək. Eyni zamanda, əlifbaların uyğunlaşması dillər arasında kontaktların da genişlənməsinə şərait yaradır ki, biz türk xalqları olaraq bir-birimizi oxuya biləcəyik. Ədəbiyyatımızı, mətbuatımızı oxuyacağıq ki, bu da çox əhəmiyyətlidir. Biz bunu müxtəlif görüşlərdə də görürük ki, türk xalqları nə qədər bir-birinə yaxınlaşmaq istəyir. Məsələn, mən TürkPA çərçivəsində müşahidə edirəm ki, türk dünyasında mədəni inteqrasiya əsasdır. Mədəni inteqrasiya nə qədər güclənirsə, siyasi əlaqələrin genişlənməsi də o qədər möhkəm təməllər üzərində qurulur”.

Millət vəkili sədri olduğu komissiyanın üzərində işlədiyi qanunlar haqqında da məlumat verib: “Mədəniyyət komitəsi bir sıra məsələləri müzakirə etməyi nəzərdə tutur.

“Yaradıcı şəxslər və yaradıcılıq ittifaqlarıf haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub. Sadəcə olaraq, sənəddə bəzi mübahisəli məqamlar var. Düşünürəm ki, ikinci oxunuş üçün hazırlıq prosesində mübahisəli məqamlar öz həllini tapacaq.

Bundan əlavə bir sıra qanun layihələri var. Onların sırasında muğam sənəti, aşıq sənəti ilə bağlı, kulnariya mədəniyyəti haqqında layihələrin adını çəkmək olar. Başqa bir məsələ də Mədəniyyət komitəsinin son iclasında müzakirə olundu. Bu da xalçaçılıq sənəti ilə bağlı qanun layihəsidir. “Azərilmə” şirkəti fəaliyyət göstərir və tanınmış şirkətdir. Komitənin iclasında iştirak edən şirkətin prezidenti Vidadi Muradov belə bir qanun layihəsinin qəbul olunmasını təklif etdi. Fikir bundan ibarətdir ki, Azərbaycan xalçaları ticari məqsədlə beynəlxalq miqyasa çıxarılmalıdır. Bəzən auksionlarda bizim xalçalar başqa ölkələrin xalçaları kimi alınıb satılır. Bu sahədə qanun layihəsinin hazırlanıb qəbul olunması maraqlı təklifdir”.

Nemət


Müəllif: