16 May 2014 11:05
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elxan Mehdiyev: "Qarabağ üçün münbit şərait yetişməyib"

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Uorlikin münaqişənin həllinə dair irəli sürdüyü təkliflər yeni deyil. Sadəcə olaraq həmsədr bu mövzuda dərinlikləri bilməyən insanlar üçün məsələləri bir daha açıqlayıb.

Amma Fransa prezidentinin Azərbaycan və Ermənistan dövlət başçılarını Parisə dəvət etməsi və orada Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparması təklifi yenidir və alqışlanmalıdır. Lakin bu dəqiqə erməni tərəfinin işğal etdiyi torpaqlardan çıxmaq niyyəti yoxdur. Ona görə də, prezident Fransua Olland bu görüşü təşkil etsə də, erməni tərəfi bu müzakirələri "yola verməklə" vaxt udmaq haqqında düşünəcək".

Bunu konfliktoloq Elxan Mehdiyev Dağlıq Qarabağ münaqişəsinin həllinə dair son zamanlar yaranan ümidləri şərh edərkən bildirib. Onun fikrincə, həmsədr C. Uorlikin açıqladığı təklif indiyə qədər bir neçə dəfə səsləndirilib:

"Bu təklif çoxdan açıqlanıb, indi sadəcə olaraq yenidən gündəmə gətirilib. Nəzərə alın ki, Uorlik səkkiz aya yaxındır ki, həmsədr kimi Dağlıq Qarabağ problemi ilə intensiv məşğul olur, hamı ilə görüşür, müzakirələr aparır. Həm də istəyir ki, bu münaqişə həll edilsin. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəsin 20 ili tamam olur. Həmsədr də bu təklifləri gündəmə gətirməklə qeyd edir ki, status-kvo bu cür davam etməməlidir. Həm də həmsədr bu təklifləri tərəflərin qəbul etməsində problem görmür. Ancaq erməni tərəfi işğal etdiyi torpaqlarımızdan çıxmaq istəmir. Onlar məsələni uzatmaqla daha uyğun şərtlərin ortaya çıxmasını gözləyirlər. İndiki halda erməni hakimiyyəti öz vətəndaşlarını elə psixoz vəziyyətə salıb ki, başını oradan qaldırıb kənara baxmaq iqtidarında olan yoxdur. Əslində isə bir qədər dərinə getsək, cənab Uorlikin gündəmə gətirdiyi təkliflər, eləcə də, həmsədrlərin birgə planı son nəticədə Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına aparır. Bu da ermənilərin əsas məqsədidir. Sadəcə ermənilər bunun Azərbaycan tərəfindən tam qəbul edilməsini istəyirlər".

Mütəxəssis hesab edir ki, Fransa prezidentinin Cənubi Qafqaz turnesi əhəmiyyətli olsa da, bunun münaqişənin həllinə müsbət təsir edəcəyinə inanmaq doğru olmazdı.

Fransa prezidentinin İrəvanda saxta erməni soyqırımı məzarını ziyarət etməsi, ermənilərə sona qədər dəstək olacağını açıqlaması və Türkiyəni "erməni soyqırımını" tanımağa çağırmasına gəldikdə, Elxan Mehdiyev bildirib:." Ermənilər Osmanlı dönəmindən başlayaraq Fransada məskunlaşıblar. Birinci dünya müharibəsi zamanı ermənilər Fransanın Osmanlıya qarşı müharibəsində onlara kömək ediblər. Sonra da Fransaya sığınıblar. Ən əsası ermənilər intellektual baxımından Fransaya inteqrasiya olunub. Beləcə həm Fransa dövlətinin, həm də xalqının rəğbətini qazanıblar. Ən əsası isə Osmanlı ilə Fransa illər boyu düşmən münasibətdə olub, savaşlarda üz-üzə gəliblər. Odur ki, Fransa tarixi və ədəbiyyatı Türkiyəyə qarşı nifrət və mənfi stereotiplərlə doludur. Ermənilər də bundan Türkiyəyə qarşı ustalıqla istifadə edirlər. Bu da, erməni və fransız xalqını Türkiyəyə qarşı birləşdirib. Osmanlı ortaya çıxandan süqut edənə qədər Fransa ilə ideoloji və dini savaş gedirdi. Osmanlı İslam bayrağı altında Avropanı fəth edirdi, Vyananı mühasirədə saxlayırdı və s. Odur ki, bütün kilsə və ədəbiyyat türkə qarşı nifrət üzərində köklənmişdi. Fransada bu özünü daha qabarıq büruzə verirdi".

Sonda E. Mehdiyev deyib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq şərait münbit deyil: "Məncə, münbit şərait yoxdur. Nəzərə alın ki, indi Rusiyanın başı Ukraynaya qarışıb. Bu məsələdə əsl söz sahibi Rusiyadır. Rusiya Ukraynada məsələni həll etmədən bu münaqişəyə diqqət ayırması bir qədər sual doğurardı".

CAVİDAN


Müəllif: