25 Fevral 2015 20:18

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Parlamentin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, spiker M.Çavuşoğlunun AŞ PA-ya rəhbərlik etdiyi dövrdə gördüyü işləri yüksək dəyərləndirərək, təcrübəli diplomatı Milli Məclisdə Türkiyənin xarici işlər naziri kimi salamlamaqdan məmnun qaldığını söyləyib. Qeyd edilib ki, hər iki ölkənin rəhbər şəxsləri arasında mütəmadi görüşlərin baş tutması münasibətlərimizin günbəgün daha da möhkəmlənməsinə xidmət edir.

Sədr deyib ki, dövlət başçılarımızın siyasi iradəsi sayəsində əməkdaşlığımız keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu münasibətlər dünyanın digər dövlətləri üçün də örnək olacaq səviyyədədir: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyəyə son səfəri zamanı əməkdaşlığımızın yeni hədəfləri müəyyənləşdirilib. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər iki ölkə tərəfindən əməli addımlar atılır. Dövlətlərimiz arasında ticarət dövriyyəsinin həcmi ilbəil artır.

Biz bu sahədəki göstəricini 2 milyard ABŞ dollarından 5 milyardadək yüksəltmək niyyətindəyik. Bu gün Türkiyə iş adamları Azərbaycan iqtisadiyyatına, azərbaycanlılar isə qardaş Türkiyə iqtisadiyyatına böyük yatırımlar edirlər. Biz parlamentlər səviyyəsində əməkdaşlığımıza böyük önəm verir, bu sahəni daim diqqət mərkəzində saxlayırıq".

O.Əsədov bədnam qonşularımızın uydurma “erməni soyqırımı” məsələsindən söz açaraq, bu iddialara son qoymaq üçün birgə fəaliyyətin əhəmiyyətli olacağını vurğulayıb. Bildirilib ki, dünya ictimaiyyətinin həqiqəti bilməsi üçün işlər davam etdirilməli, Xocalı soyqırımı ilə bağlı faktlar geniş ictimaiyyətə çatdırılmalıdır.

Spiker Azərbaycan-Türkiyə işbirliyinin gələcəkdə də uğurla davam etdiriləcəyinə inamını ifadə edib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən M.Çavuşoğlu ölkəsinin xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini, burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq bildirib ki, AŞ PA-da çalışdığı dövrdə Azərbaycan nümayəndə heyəti ilə birlikdə səmərəli fəaliyyət göstəriblər.

M.Çavuşoğlu türk dünyasının qarşısında duran problemlərin həllində TürkPA-nın əhəmiyyətli rol oynaya biləcəyinə diqqət çəkərək, Milli Məclisin sədrinə təşkilatın fəaliyyətində göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Qəbulda qonaq bu ilin aprelində Çanaqqala savaşının 100 illiyi münasibətilə ölkəsində keçiriləcək tədbirlərdən söz açdı. Qeyd edilib ki, ermənilərin qondarma “soyqırım” iddialarının əksinə olaraq Türkiyə həmişə barış istəyib və heç kimin torpaqlarında gözü olmayıb. Tarixi həqiqətlərin üzə çıxması üçün bu sahədə məqsədyönlü iş davam etdirilir. Nazir Xocalı soyqırımının ildönümü ilə əlaqədar xalqımıza başsağlığı verərək, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasının önəmini xüsusi vurğulayıb.

İqtisadi əlaqələrimizin inkişafından söz açan M.Çavuşoğlu region üçün böyük əhəmiyyət daşıyan enerji layihələrinin reallaşmasında hər iki ölkənin mühüm rol oynadığını söyləyib. O, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin də tezliklə başa çatacağına inamını ifadə edib. Bildirilib ki, erməni millətçilərinin apardıqları siyasət nəticəsində onların ölkəsi bu kimi qlobal layihələrdən kənarda qalıb.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun və digər rəsmi şəxslər iştirak ediblər.


Müəllif: