2 Mart 2015 12:07
426

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri Qubad İbadoğlunun ABŞ-a səfəri Müsavat Partiyasında qıcıq doğurub. Bunu partiya üzvlərinin səfərlə bağlı sosial şəbəkələrdəki fikirləri deməyə əsas verir.

Q. İbadoğlu qeyd edib ki, bu dəfəki səfəri siyasi məsələlərlə bağlıdır: “Yenidən ABŞ-a doğru səfərə çıxdım. İşgüzar görüşlərim əvvəlkilərdən xeyli fərqlənir. Əvvəla, ilk dəfədir ki, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri statusu ilə müzakirələrə qoşulacam. İkincisi, səfər proqramım şəffaflıq deyil, daha çox siyasi məsələlər üzərində qurulacaq. ABŞ Konqresi tərəfindən əsası qoyulan bu proqram Dövlət Departamenti və Demokratiya Naminə Fond tərəfindən dəstəklənir”.

ADR sədrinin bu səfəri Müsavat Partiyasında birmənalı qarşılanmayıb.

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova Q. İbadoğlunu jurnalist Xədicə İsmayılla müqayisə edib. Bildirib ki, X. İsmayıl da ABŞ fondları ilə işləyirdi: “İndi həbsdədir. Qubad İbadoğlu isə təyyarədən düşmür. Bu dəfə şəffaflıqdan yox, siyasətdən danışacaq”.

MNTK sədrinin bu cür açıqlaması hətta partiya üzvlərinin də narazılığına səbəb olub.

İsmayıl Kəsəmənli S. Hüseynovanı xarici fondlardan pul almaqda ittiham edib.

“Sevinc xanım ən azından siz danışmayın. Çünki xarici fondların verdiyi pulların dadını siz də yaxşı bilirsiniz”, - deyə o bildirib.

Müsavat üzvü Elbəyi Həsənli isə S. Hüseynovanın sözlərinə maraqlı şərh verib: “Qubad İbadoğlunu həbs edin”.

Onun sözlərinə görə, MNTK sədri Sevinc Hüseynovanın sözlərindən belə çıxır. MNTK sədri ADR sədrinin həbs olunmasını istəyir.

“Müsavat Partiyası nə günə qalıb ki, belə bir vəzifənin daşıyıcısı işverənliklə məşğul olur. Kin-küdurət bizim axırımıza çıxıb”, - deyə o bildirib.

S.Hüseynovaya qarşı ittihamlar bununla bitməyib. MNTK sədrinə qarşı qınağa digər müsavatçılar və ADR üzvləri də qoşulub.

Ayxan


Müəllif: