4 Mart 2015 15:45
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi texnoloq: “Ciddi adamlar namizəd olacağı seçki dairəsini yayda açıqlayacaq”

Bu ilin noyabrında Milli Məclisə növbəti seçkilər keçiriləcək. İstər iqtidar, istərsə də müxalifət seçkiyə ciddi hazırlaşdığını deyir. Ölkədəki siyasi təşkilatların əksəriyyətinin seçkilərə qatılacağı gözlənilir. Bu kampaniyada iştirak etmək üçün heç bir siyasi partiya hələlik öz namizədlərini açıqlamayıb. Lakin bir neçə şəxs var ki, artıq namizəd olacağı seçki dairəsinin adını mətbuata deyib.

İlk olaraq “125"lər siyasi klubunun 3 üzvü iddiasını ortaya qoyub. Sədr İlhamiyyə Rza 21 saylı Nəsimi birinci seçki dairəsindən, üzv Yeganə Hacıyeva 26 saylı Sabunçu birinci seçki dairəsindən, digər üzv Ramin Hacılı isə 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyini irəli sürəcəyini söyləyib.

Qeyd edək ki, hazırda R.Hacılının namizədliyini vermək istədiyi dairə boşdur. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov baş nazirin müavini təyin olunandan sonra deputat mandatını təhvil verib. Nəticədə həmin dairə boş qalıb və təkrar seçki keçirilməyib.

İlhamiyyə Rzanın iddialı olduğu seçki dairəsindən 2010-cu ildə Ülvi Quliyev deputat seçilib. Xatırladaq ki, həmin dairədə seçkilər çox gərgin rəqabət şəraitində keçmişdi. Bu il isə dairədə vəziyyətin necə olacağını indidən demək çətindir.

Fazil Mustafaya potensial alternativ

“125"lər siyasi klubunun üzvü Yeganə Hacıyeva namizədliyini Fazil Mustafanın millət vəkili seçildiyi dairədən verəcək. F.Mustafa isə yenidən həmin dairədə yarışacağını istisna etməyib: ”Qərarım qəti deyil, amma seçkiyə qatılmaq fikrim var. Çox güman ki, namizədliyimi irəli sürəcəyəm. Amma hələ hansı dairədən namizədliyimi verəcəyimi dəqiqləşdirməmişəm. Daha çox ehtimal budur ki, yenə 26 saylı Sabunçu birinci seçki dairəsindən namizəd olacam".

O, Y.Hacıyevanın həmin dairədəki iddiasına da münasibət bildirib: “Xanımların rəqib olması Azəbaycanda siyasi mədəniyyətin yüksəlməsi baxımından olduqca vacibdir”.

“Bəs onun şanslarını necə qiymətləndirirsiniz” sualına deputat belə cavab verdi: “Allah çalışanın dostudur. Kim daha çox çalışarsa, yəqin ki, o da nəyisə qazanar”.

Böyük Quruluş Partiyasına rəhbərlik edən F.Mustafa onu da deyib ki, partiyası aprel ayından sonra seçki hazırlıqlarına start verəcək: “Hazırlığımız həmişə gedir, amma konkret seçki ilə bağlı Məclis çağırılmalıdır və orada seçki ilə bağlı qərar veriləcək. Ümid edirəm ki, parlament seçkiləri Azəbaycanda siyasi mədəniyyətin yüksəlməsinə töhfə verən səsvermə olacaq”.

“YAP-dan namizəd olmaq istəyirəm”

İddiasını açıqlayanlardan biri də Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan politoloq Ərəstun Baxşəliyevdir. O, 94 saylı Bərdə kənd seçki dairəsindən deputat seçilmək niyyətindədir. 94 saylı Bərdə kənd seçki dairəsindən deputat Gövhər Baxşəliyevadır.

Gövhər Baxşəliyeva ilə əlaqə saxlayıb bu il namizəd olub-olmayacağını soruşduq. Onun isə cavabı bu cür oldu: “Xahiş edirəm jurnalistlər belə suallarla məni narahat etməsinlər”.

Ərəstun Baxşəliyev isə seçkilərə qatılmaqla bağlı qərarını birdən-birə vermədiyini söylədi: “Doğulub böyüdüyüm Bərdə rayonunda mütəmadi olaraq insanların durumu, problemləri ilə maraqlanmışam. Ölkəmin bir parçası olan rayonumun tarixini araşdırmışam, regionların sosial-iqtisadi inkişafı fonunda orada aparılan quruculuq işlərinin xarici medialarda işıqlandırılması üçün əlimdən gələni etmişəm. Bunları hansısa pilləyə çatmaq üçün etməmişəm. Rayonda ailəmi tanımayan insan yoxdur. Uzun illərdir ki, atam mühəndis, anam isə jurnalist vəzifəsində çalışır. Onlar rayon içərisində kifayət qədər hörmət və izzətə sahibdirlər. Mən, illər uzunu rayonun rəğbətini qazanmış Əli kişinin oğluyam”.

Ə.Baxşəliyev deyib ki, seçkilərə bitərəf kimi deyil, üzvü olduğu partiyanın namizədi kimi qatılacaq: “Seçkidən gözləntilərim müsbətdir”.

“Onlar ciddi namizədlərlə bazarlıq aparmaq istəyirlər”

Siyasi texnoloq, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seçkiqabağı proses barədə danışıb. O qeyd edib ki, Azərbaycanda seçki kampaniyasının müddəti azaldılıb: “O baxımdan imza toplamaq, qeydiyyatdan keçmə və digər prosedura məsələlər Mərkəzi Seçki Komissiyası seçki gününü elan edəndən sonra başlanacaq. Ümumiyyətlə, ciddi namizədlər indidən dairə açıqlamırlar.

M.Zülfüqarlı əvvəlki illərin təcrübəsindən də bəhs edib: “O namizədlər ki, MSK-nın qərarı olmadan, seçki gününü müəyyən edilmədən indidən fəaliyyətə başlayır, onlara ciddi yanaşmıram. Məntəqələrə müşahidəçi qoymağa adam tapmayan, plakat çap etməyə pulu olmayanlar indidən şayiə yayırlar. Burada bir incə məqam da var. Onlar ciddi namizədlərlə bazarlıq aparmaq istəyirlər. Belə hallar çox olur. Fikrimcə, qələbə çalmaq imkanı olan əsl namizədlər çox güman ki, prosesə yayda başlayacaqlar. Çünki Azərbaycanda böyük beynəlxalq tədbir - I Avropa Oyunları gözlənilir.Ölkə seçki ovqatına bu dövlət əhəmiyyətli tədbirdən sonra köklənəcək”.

NƏRGİZ


Müəllif: