4 Mart 2015 17:41
511

Bu günlərdə Milli Şuranın orbitindən istefa verən Yeganə Hacıyevaya qarşı həmin qurumun üzvləri iradlar səsləndirib. Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev Y.Hacıyevanın Milli Şuranın üzvü olmadığını, ancaq quruma yardım etdiyini açıqlayıb.

Y.Hacıyeva özü də deyib ki, Milli Şurada rəsmi təmsilçiliyi olmayıb: “Milli Şuranın aparat üzvü olmuşam. Heç vaxt Milli Şuraya daxil olmamışam. Milli Şuranın sədri Cəmil Həsənlinin dəvəti ilə sədr aparatında xarici əlaqələri tənzimləmişəm. Müsavat Partiyasından istefa verəndən sonra heç bir partiyada təmsil olunmamaq qərarı almışdım. Fikirləşirəm ki, müstəqil olmaq daha yaxşıdır. Dəfərlərlə Milli Şuraya üzvlük təklif olundu. Lakin gələndə şərtim bu idi ki, təmsilçilik istəmirəm”.

O, üzv olmadan Milli Şuranın sədr aparatında çalışmasına aydınlıq gətirib: “Sədr aparatında daimi fikir mübadiləsi aparılırdı. Milli Şuranın fəaliyyəti orada funksionallaşdırılırdı. Müzakirələrin nəticəsi olaraq Koordinasiya Şurasına mövzular təklif edilirdi”.

“Müsavatda fəaliyyətim ictimai əsaslarla olub”

Onun sözlərinə görə, bütün fəaliyyəti ictimai əsaslarla olub: “Bundan öncə 8 il Müsavat Partiyasında çalışmışam. Fəaliyyətim ictimai əsaslarla olub. Biz buna görə heç vaxt pul almamışıq. Hətta xaricə səfərlər zamanı yol pulumuzu özümüz vermişik”.

Xanım siyasətçi Müsavat Partiyasından çıxandan sonra gördüyü təpkilərdən də danışıb: “Bilirik ki, gördüyümüz işi bəyənən də, bəyənməyən də olacaq. Müsavat Partiyasından ayrılmaq məsələsinə qayıtmaq istəməzdim. Təpkiləri inciklik kimi də qiymətləndirmək olar”.

NƏRGİZ


Müəllif: