5 Mart 2015 11:19
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yusif Bağırzadə: “AMİP-i parlament partiyası etməkdə israrlıyıq”

“Azərbaycanda problemləri mitinq və kütləvi aksiyalar vasitəsilə həll etmək doğru yol deyil. Hazırda siyasi səhnədə iqtidar-müxalifət dialoqu platforması mövcuddur. Bu platforma problemlərin həll olunmasına daha məhsuldar töhfə verə bilər, nəinki mitinqlərin keçirilməsi. Cəmiyyətdə ab-havanı və ovqatı təhlil edəndə bəlli olur ki, bu gün mitinq üçün sosial sifariş də yoxdur. Aksiyalar dialoq platformasına alternativ ola bilməz”.

Bunu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqi şərh edərkən deyib. AMİP sədri əlavə edib ki, əksər siyasi partiyalar kimi onlar da mitinqə qoşulmayacaq: “AMİP olaraq bu prosesdə iştirak etməyəcəyik”.

Yusif Bağırzadə bəyan edib ki, sədri olduğu partiya qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. Onun sözlərinə görə, yaxın günlərdə AMİP Mərkəzi Şurasının iclası olacaq: “İclasda seçkilər məsələsi müzakirə ediləcək və kollegial qərarımız olacaq. Konkret olaraq seçkilərə getməyimiz dəqiqdir. Lakin seçkilərdə iştirak formatımız-seçkilərə tək və ya blok şəklində getməyimizi isə Mərkəzi Şura müəyyən edəcək. Bu gün üçün biz seçkilərdə iştirak qərarını verən siyasi partiyalarla əməkdaşlığa hazırıq. 2010-cu ildə keçirilən parlament seçkilərində AMİP tək iştirak etsə də, kifayət qədər namizəd irəli sürmüşdü.

Nəzərə alın ki, 2010-seçkilərində 75-ə yaxın namizədlə iştirak etmişik. AMİP təşkilatlanmış partiyadır, rayonlarda yerli qurumları mövcuddur. Odur ki, seçkilərdə mobil formada iştirak edəcəyik. Bizdə daimi fəaliyyət göstərən seçki qərargahı var. AMİP-in resursu, üzvləri və seçkini aparmaq üçün mütəxəssisləri var. Biz israrlıyıq ki, 2015-ci ildə AMİP-i parlament partiyası edək. Elə partiya var ki, seçkilərdə 1 namizəd irəli sürdü və parlamentə düşdü. Biz isə 75 namizədlə seçkiyə getdik, lakin parlamentə düşmədik. Əminik ki, bu seçkilər kifayət qədər demokratik keçiriləcək, AMİP də parlament partiyası olacaq”.

CAVİDAN


Müəllif: