16 May 2014 17:52
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Baş nazirin sabiq I müavini, hazırda Rusiyada yaşayan Abbas Abbasovun adının rəhbəri olduğu partiya ilə hallandırılmasına münasibət bildirib.

“Yeni Müsavat” qəzetində “Abbas Abbasovun Bakıdakı gizli partiyası bilindi - sensasiya” başlıqlı yazıda qeyd olunub ki, bu ilin fevralın 23-də ilk qurultayını keçirən Gələcək Azərbaycan Partiyasının (GAP) əvvəldən Rəsul Quliyevin xeyir-duası və maddi dəstəyi ilə yaradıldığı məlum olsa da, rəhbərlikdə Abbas Abbasovun da olması uzun müddət gizli saxlanılıb.

Mayın 14-də keçirilən iclasda Abbas Abbasovun skayp vasitəsilə toplantıya qatılması və danışmasının İdarə Heyətində olan bir neçə şəxsin etirazına səbəb olduğu da deyilir.

A.Şakiroğlu Teleqraf.com-a açıqlamasında yazılanları ağ yalan adlandırıb: “Bu cür informasiyaları dövriyyəyə buraxmaqla bizi kimlərləsə üz-göz salmağa çalışırlar. İnsanları Rusiya qorxusu altında saxlayıb ölkədə “5-ci kolon” olduğunu deyirlər. Söylənənlərə görə, guya biz də o kolonun nümayəndəsiyik. Bu cür xəbərlər sabun köpüyü kimi bir şeydir. Üstəlik partiyamızın İdarə Heyətinin iclası mayın 12-də olub. Gündəlikdə ölkədəki ictimai-siyasi durum, Fransa Prezidentinin ölkəmizə səfəri və onun nəticələri, 28 May - Cümhuriyyət gününə həsr olunmuş tədbirlər paketinin hazırlanması müzakirə edilib və zəruri qərarlar qəbul olunub. Partiya sıralarına aidiyyatı olmayan şəxslərin İdarə Heyətinin iclasına qatılması mümkün deyil. Həmin şəxslərin bizim partiyaya heç bir aidiyyatı yoxdur. Abbas Abbasovla heç bir əlaqəm olmayıb. Onunla birbaşa əlaqəm olsa, gizlətmərəm. Azərbaycanlıdır, eloğludur, dövlətçiliyimizə xidmət edən şəxsdir. Ən azından Azərbaycanda məmur olub və bu gün də diaspora fəaliyyəti ilə məşğuldur. Mən kiminsə əlinin altında olmamışam, bundan sonra da olan deyiləm. Partiyanın məndən başqa rəhbəri yoxdur”.

Rəsul Quliyevlə çox normal münasibəti olduğunu söyləyən Ağasif Şakiroğlu qeyd edib ki, özünü demokratik düşərgənin təmsilçilərinə yaxın hesab edirəm: “Uzun müddət R.Quliyevin Azərbaycandakı nümayəndəsi olmuşam, siyasi partiya yaradandan dərhal sonra o fəaliyyətimi dondurmuşam. Hazırda müstəqil siyasi fəaliyyət göstərirəm. Mənim Rəsul bəylə hər hansı danışığım o demək deyil ki, o bizim partiyadadır. Biz dostuq, müzakirələr də apara bilərik, təkliflər də səsləndirə bilərik. Qarşılıqlı anlayışla bir-birimizi dinləməliyik. Amma konkret olaraq adı çəkilən şəxslərin heç birinin GAP-a aidiyyatı yoxdur. Biz gənclərin pozulan hüquqlarını, o cümlədən mühacirətdə yaşayanların və məhbusların hüquqlarını müdafiə edəcəyik. Mən partiya yaranmamışdan qabaq mətbuat üçün məhbuslardan birinin, tez-tez ünsiyyətdə olduğum Əli İnsanovun adını çəkmişdim. Bu, təsadüfi idi. Mətbuat da bunu düzgün başa düşmədi. Son zamanlar mətbuatda dəqiqləşdirilməmiş məlumatlar tez-tez yayılır. Bu məlumatı da elə tip məlumat, jurnalist fantaziyasının məhsulu hesab edirəm. “Yeni Müsavat” qəzetinin baş redaktoruna hörmətim var. Onlarda belə bir məlumat var idisə, bizimlə əlaqə saxlayıb dəqiqləşdirmə aparmalı idi. Bu qəzet demokratik düşərgəsinin carçısı olmasaydı, məhkəməyə müraciət edərdik. Dostlarımızdı deyə verməyəcəyik. Amma bundan sonra dəqiqləşdirilməyən məlumatlar hər hansı mətbuat orqanında çap olunarsa, biz həmin medianı məhkəməyə verməli olacağıq”.

GAP sədri partiyanın maliyyə mənbələri barədə danışıb: “Biz qaranlıq mənbələrlə işləsəydik, fəaliyyətimizə imkan verilməzdi. Üzvlərimizin və xalqımızın köməkliyi hesabına formalaşmışıq. İş adamlarının da köməyi var”.

“Kömək edənlər sırasında dostunuz Rəsul Quliyev varmı” sualını A.Şakiroğlu belə cavablandırıb: “Heç də hər şey maddiyyatla bağlı deyil. Ortada mənəvi dəyərlər də var. Elə insanlar var ki, onların mənəvi dəstəyi bizim üçün kifayətdir. Rəsul Quliyev maddi yardım etsə də, sağ olsun, etməsə də sağ olsun. Rəsul bəy kömək edirsə də, xəbərim yoxdur. Bizdə maliyyə məsələləri ilə başqa bir şəxs məşğul olur”.

Qeyd edək ki, GAP ötən ilin dekabrında yaradılıb. Bu il fevralın 23-də qurultayı keçirilən partiyanın yarandığı ilk gündən etibarən rəhbərlikdə olan şəxslər arasında Əli İnsanov, Rəsul Quliyev və Hüseyn Abdullayevin adı hallandırılırdı. Bu iddialar A.Şakiroğlu tərəfindən isə təkzib edilib.

Nərgiz


Müəllif: