16 Aprel 2014 22:42
1 024

Krımın Rusiyaya birləşdirilməsi fonunda MDB məkanında dondurulmuş münaqişələr ətrafında diskussiyalar yenidən qızışıb. Digər tərəfdə, Ukraynanın şərq vilayətlərində Rusiya tərəfindən dəstəklənən separatçılıq meylləri güclənib.

Teleqraf.com Azərbaycanda solçu partiyaların bu hadisəyə münasibətini öyrənib.

Rusiyanın Krımı öz ərazisnə qatması və ölkənin şərq regionlarında qarşıdurmalar yaratması barədə suala cavab olaraq Azərbaycan Komunist Partiyasının lideri Rauf Qurbanov bildirib ki, Ukraynanın şərqində baş verənlərdə Rusiyanın heç bir əli yoxdur. Onun sözlərinə görə, Ukraynadakı hazırki böhranın səbəbkarı hakimiyyəti ələ keçirən qərbyönümlü qüvvələrdir: “Kiyevdə insanlar Maydana çıxıb Yanukoviç hökumətinə qarşı öz etirazlarını bildirəndə, müxalifət liderləri bunu demokratiyanın təntənəsi kimi qiymətləndirirdilər. Hətta onlara dəstək verən Qərb liderləri də o meydana gəlib onlarla həmrəylik nümayiş etdirirdilər. Bu gün isə eyni hadisələr Ukraynanın cənub-şərqində baş verir. Həmin ərazilərdə yaşayan xalq ayağa qalxaraq öz tələblərini irəli sürür. Çox təəssüf ki, dünən Maydanda müxalifətə dəstək verən Qərb dairələri bu gün ölkənin şərqində baş verənlərə diqqət ayırmaq istəmirlər”.

Rusiyanın Ukraynadakı böhranda əli olmadığını vurğulayan partiya sədri bildirib ki, bu hadisələr yerli əhalinin mərkəzi hakimiyyətdən narazılığının nəticəsidir.

Bəs, Rusiyanın Azərbaycana qarşı anoloji təzyiqləri olacağı təqdirə, Kommunist Partiyası buna necə reaksiya verəcək?

Sualımıza cavabında partiya sədri bildirdi ki, AKP hər hansi bir dövlətin başqa bir dövlətin ərazisinə müdaxiləsini pisləyir: “Çünki bizim Qarabağ kimi problemimiz var. Beynəlxalq hüquqa hörmət edən heç bir partiya bunu dəstəkləməməlidir. Azərbaycana Rusiya tərəfindən heç bir təhlükə gözlənilmir və belə bir təhlükə ola da bilməz. Mən tam məsuliyyətlə deyə bilərəm ki, Rusiyanın Azərbaycanın hər hansı bir ərazisini ələ keçirmək planı yoxdur. Ona görə də bu məsələ ilə bağlı narahat olmağa dəyməz”.

Ukraynanın şərqində baş verən hadisələrdə Rusiyanın rolu barədə danışan Azərbaycan Vahid Kommunist Partiyasının lideri Musa Tükənov isə bildirib ki, Rusiya öz tarixi torpağı olan Krımı geri qaytarıb və onun Ukrayna ərazisinə yenidən birləşdiriləcəyi o qədər də inandırıcı deyil. Ölkənin şərqindəki vəziyyəti analiz edən partiya sədri qeyd etdi ki, orada yaşayan əhali Kiyevdə hakimiyyəti ələ keçirən faşist rejimə tabe olmayacaq: “Rəsmi Kiyev ölkənin şərq rayonlarında öz təsirini yaya bilməyəcək. Burada hakimiyyətsizlik yaranacaq. Nəticədə isə Ukraynanın özü daxildən iki hissəyə parçalanacaq. Hakimiyyət özünün doğurduğu böhranın qurbanı olacaq”.

O, baş verən hadisələrdə rəsmi Moskvanın əlinin olmadığını vurğulayarıq, Ukraynanın yeganə xilaskarının məhz Rusiya olduğunu xüsusilə qeyd etdi.

Ukrayna ssenarisinin Azərbaycana tətbiqi ehtimalı barədə danışan M.Tükənov bildirib ki, bu, heç vaxt mümkün olmayacaq: “Əvvəla, Rusiya heç vaxt Azərbaycan torpaqlarını öz ərazisinə qatmaz. İkincisi isə Azərbaycan Vahid Kommunist Partiyası heç vaxt ölkəmizin torpaqlarını heç kimə satan, heç kimə verən deyil. Əgər Rusiya Azərbaycan ərazisini birləşdirməyə cəhd etsə, xalqımız ona layiqli cavab verəcək”.

Eldar Tanrıverdiyev


Müəllif: