17 May 2014 10:20
638

Minsk Qrupunu amerikalı həmsədri Səfir Ceyms Uorlikin Twitter fəaliyyətinin onun geri çağırılmasına dair bəyanata əsas verməsi barədə xəbər vermişdik. Bəs səfirin sosial şəbəkədə fəaliyyəti sülh danışıqlarına nəcə təsir edir, bunu ANS-in Vaşinqton bürosunun rəhbəri Sevinc Osmanqızı növbəti süjetində araşdırır.

Bir şey aydındır, vəzifə insanı yox, insan vəzifəni müəyyən edir. Minsk Qrupunun əvvəlki həmsədri Metyu Brayza müsahibə kralı idi. Bəzən Dövlət Departamentinin daxili tələblərinə məhəl qoymayan həmsədr daima jurnalistilərin suallarını cavablandırmağa hazır idi. Ceyms Uorlik müsahibə dəlisi deyil. Bu müsahibə onun Azərbaycanlı jurnalistə verdiyi ilk təkbətək müsahibədir və ona düşmək üçün xeyli ağız açmalı, arxa qapıdan xahiş etməli, “erməniyə 10 dəqiqə danışdı, bizə niyə 5 dəqiqə?” kimi dəlillər gətirməli olduq. İlk müsahibəsində səfir bizə tərəflər arasında ünsiyyətin əhəmiyyətindən danışdı.

“Tarixlə nə etməli sualının cavabı çətindir. Lakin biz bu gündən münaqişənin həllinə aparan yolda praktik addımlar atmalıyıq. Bütün ölkələr öz tarixi ilə məşğul olmalıdırlar. Həm Azərbaycan, həm də Ermənistanın yaxın keçmişi keşməkeşlidir. Bu məsələlər öz həllini tapmalıdır. Biz də vasitəçilər kimi tərəfləri irəli aparan, əməli addımlara həvəsləndiririk” - deyə Ceyms Uorlik bildirib.

Müsahibədən sonra bizi gözləyən sürpriz səfirin öz Twittər səhifəsində onu anons ətməsi oldu. Səfir Uorlik özündən əvvəl heç bir həmsədrin etmədiyini edərək, rəsmi şəxs kimi gördüklərini özünün Twittər səhifəsində ictimaiyyətlə bölüşür.

"O, rəsmi səviyyədə gördüyü işləri sosial media vasitəsilə gücləndirməyə çalışır. Bu, işə kömək edir. Əlbəttə bu, diplomatların həssas məsələlərdə imkanlarını məhdudlaşdırır, lakin biz 21-ci əsrdə yasayırıq. Səfir və ya fərdi şəxs olmağınızdan asılı olmayaraq, sosial media sizin karınıza gəlir. Amma əlbəttə ki, diplomatiyada sosial mediadan istifadə məhdud olmalıdır. Bu limit danışıqların sosial şəbəkələrə çıxarılmaması, elə kiçik qrup çərçivəsində qorunub saxlanımasıdır. Bu baxımdan həmsədrin öz səhifəsində yenilikləri bölüşməsi məxfilik və konfidensiallıqla sığortalanmış danışıqlar mühitinə qismən aşkarlıq gətirmiş olur" - deyə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlaric qeyd edib.

ABŞ-dakı Azərbaycan icmasının üzvü Ülvi İsmayıl isə hesab edir ki, səfirlərin sosial şəbəkədən istifadə etməsi onların işinə şəffaflıq gətirir:

"Məncə, o öz fəaliyyəti ilə bir növ şəffaflıq gətirir məsələlərə. Məsələn, mən son tvitinə baxdım, izlədim. O, bu yaxınlarda Kəlbəcərə və Laçına səfər edəcəklərini deyir. Əvvəllər biz bilmirdik onların planları nədir, biz ancaq postfaktum xəbərlərdən məlumat alırdıq ki, onlar səfər ediblər".

Lakin səfir Uorlikin Twitter fəaliyyəti ona başağrısı da gətirməkdədir. Azərbaycanda onun həmsədrliyə layiq olmadığı, hətta geri çağırılmalı olduğuna dair də bəyanatlar səslənməkdədir. Bizimlə özəl söhbətdə həmsədr tvit yazmaqdan ötrü yalnız 140 işarənin olduğundan və bunun məsələlərin dərininə varmaq üçün kifayət etmədiyindən gileylənir.

Lakin problem həm də odur ki, bu gün səfir Uorlikin "Twitter" akkauntunun istifadəçiləri Azərbaycan və Ermənistan əhalisindən daha cox, hadisələri xaricdən izləyən ABŞ diasporudur. Səbəb sadədir - səfir Azərbaycan və erməni dillərində yox, onların əksəriyyətinin bilmədiyi ingilis dilində paylaşır. Nəticədə bunu istəsə də, istəməsə də, həmsədrin səhifəsi sayca ABŞ-ın Azərbaycan icmasını qat-qat üstələyən, yalançı göz yaşları tökən Amerikanın erməni diasporunun forumu təəssuratı bağışlayır.

Reallıqdan uzaq olan bu auditoriyanın isə ehtirasları qızışdıran tvitləri danışıqlar mühitini həvəsləndirmək əvəzinə, rasional qərar vermək qabiliyyətini daha da kütləşdirir. Səfirin Amərikanın erməni və Azərbaycanlı icmaları ilə təmasları onun öz işidir. Lakin bu əsas məsələni qətiyyən təsirləndirmir - Münaqisə Azərbaycan Ermənistan arasındadır. Qərar vərən də bu 2 dövlətin əhalisi olacaq.


Müəllif: