11 Mart 2015 12:19
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Teyyublu: “KXCP üzvü siyasi mövqeli hərəkatda olmamalıdır”

“KXCP-də Mirmahmud Mirəlioğluna qarşı rəqib görmürəm”. Bu sözləri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu deyib.

Qurultaya hazırlaşdıqlarını söyləyən X.Teyyublu bildirib ki, hər bir üzv partiyanı idarə etməyə layiq olsa da, M.Mirəlioğluna rəqib yoxdur: “Partiya 3-cü qurultayına hazırlaşır. Bu istiqamətdə bütün rayon şöbələrində müşavirələr keçirilir. 50 faizdən artıq rayon şöbələrində konfrans keçirəndən sonra qurultayın gününü təyin edəcəyik. Hələlik qurultaya hazırlıq mərhələsi gedir. KXCP həmişə gənclərə önəm verib. KXCP sədri Mirmahmud Mirəlioğlu böyük demokratdır və demokratik islahatları rəğbətlə qarşılayır. Mirmahmud bəy Rəsulzadə-Elçibəy siyasi xəttinin davamçısı olaraq bu cameənin liderlərindən biridir. Hesab edirik ki, sədr dəyişlikliyi seçki ilə həll olunmalıdır. Qarabağımız, dövlət, demokratik təmərküzləşmə naminə bu proses bitmədiyindən Mirmahmud Mirəlioğlunun həm partiya sədri, həm də şəxs olaraq missiyası var. Düşünürəm ki, o, partiyamıza və millətə siyasət adamı kimi lazımdır”.

X.Teyyublunun sözlərinə görə, M.Mirəlioğlunun KXCP rəhbərliyində dayanması siyasi vəzifə ambisiyasına görə deyil: “Yaxın illər üçün KXCP-nin şərəfli missiyasının aparılmasında ona ehtiyac var. Mirmahmud bəy bu aspektləri nəzərə almalıdır. Onun KXCP sədri olaraq hələ görəcəyi çox iş var”.

O, KXCP “Demokratik Birlik” fraksiyasının üzvü Ədalət Yusibovun və digər partiya üzvlərinin Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunmasına da münasibət bildirib: “KXCP-də heç bir fraksiya yoxdur. Partiyamız haqda hər söz deyilə bilər, amma əsaslı şey olmalıdır ki, ona şərh verə bilək. KXCP-də fraksiya görmürəm, olmayan şey barədə nə danışaq?”

X.Teyyublu ADR-də KXCP üzvlərinin olduğu barədə deyilənləri təkzib edib: “Hərəkatın sədri Qubad İbadoğluna uğurlar arzulayırıq. Hərəkatdakı insanlar Azərbaycan üçün nə isə etmək istəyirlər, bu, çox gözəl şeydir. KXCP üzvlərinin ADR-də olması barədə deyilənlər isə yanlışdır. Ola bilsin toplantılarında qonaq qismində iştirak ediblər. Amma KXCP üzvü siyasi mövqeli hərəkatda olmamalıdır”.

NƏRGİZ


Müəllif: