12 Mart 2015 19:21
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qubad İbadoğlunun partiyadan çıxarılması haqda MNTK-ya etdiyim müraciətə şifahi cavab verilib. MNTK da Divanın qərarını dəstəkləyir. Lakin mən konkret faktlar tələb etdiyim üçün iki gün sonra rəsmi cavab veriləcək”.

Bunu Müsavat başqanlığına keçmiş namizəd, partiya daxilində fraksiya yaradılması təşəbbüsü ilə çıxış edən Tural Abbaslı deyib.

T.Abbaslı iki gün öncə müraciəti ilə bağlı onu MNTK-ya dəvət etdiklərini söyləyib: “Mənə bildirdilər ki, müraciətdə bəzi cümlələr aydın deyil, onu aydınlaşdırmaq üçün iclasda olmalıyam. Gedəndə məlum oldu ki, aydınlıq gətirilməsini istədikləri məsələ “Qubad İbadoğlunun çıxarılması ilə partiya daxilində demokratiya pozulub” fikri ilə bağlıdır. Mən də açıq şəkildə tənqidə dözümsüzlüyün nizamnaməyə zidd olduğunu dedim. Bildirdim ki, əsas olan ərizənin cümlələri yox, mahiyyətidir və Divanın qərarı qeyri-qanunidir. MNTK isə araşdırma apardığını, Divanın qərarının doğru olduğunu bildirdi. İddia edirlər ki, Qubad bəy KİV-ə açıqlamalarında partiya nizamnaməsini pozub. Mən konkret misal gətirmələrini istədim. Lakin onlar ümumi ifadələrlə mövqelərini müdafiə edirlər. Halbuki, bir şəxsi partiyadan çıxaranda onun konkret hansı səhv addımı atdığı göstərilməlidir. Digər tərəfdən, Müsavat nizamnaməsinin 1.8-ci bəndində partiya üzvünün hüquqları əksini tapıb. Orada qeyd olunur ki, hər hansı üzv partiya rəhbərliyini, strukturlarını tənqid etdiyi üçün cəzalandırıla bilməz. Amma təəssüf ki, MNTK qrup maraqlarından çıxış edir. İndi mənə veriləcək rəsmi cavabı gözləyirəm. Görək orada nə deyəcəklər”.

T.Abbaslı fraksiya yaratmaq məsələsinə də aydınlıq gətirib: “Fəaliyyətimiz davam edir. Lakin bunun baş verməsi bizdən asılı olan məsələ deyil. Fraksiyanı sabah da elan edə bilərik. Amma biz əməli fəaliyyəti olan, rəhbərliyin qərarlarına təsir edə bilən, demokratikləşməyə töhfə verən qurumun yaranmasını istəyirik. Yaratmaq naminə fraksiya yaratmaq istəmirik”.

T.Abbaslı özünün də cəzalandırıla biləcəyini istisna etmir: “Fraksiya yaradılması qeyri-qanuni deyil. Bunu dəfələrlə sübut etmişəm. Lakin bir misal var: əvvəlcə dovşanın qulağını kəsib, sonra sayırlar. Bu baxımdan, fraksiya yaradılsa, məni partiyadan çıxarmaları istisna deyil, hətta lazım gəlsə, başqa ittihamlar da irəli sürərlər”.

O, əvvəlki qədər Müsavat qərargahında getmədiyini də qeyd edib. Onun fikrincə, partiyada addımlar real və səmimi atılmır: “Qurultaydan sonra yaranmış yarış əhval-ruhiyyəsindən çıxmaq, partiya maraqlarına uyğun addımlar atmaq lazımdır. Mətbuat üçün açıqlamalarda bir söz deyilir, reallıqda bir söz. Bu, partiyaya müsbət heç nə vermir”.

Nərgiz


Müəllif: