13 Mart 2015 09:44

Komitə sədri: “Bu üvvələr Türkiyənin QHT və media sektorunda özlərinə yer edərək aldıqları tapşırıqları həyata keçirməyə çalışır”

“Qarabağ münaqişəsi ədalətli, müsbət həllini tapmayana kimi Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət belə gedə bilməz. Çünki 1993-cü ildə Kəlbəcərin işğalı ilə bağlı Türkiyənin Ermənistanla sərhədləri bağlamasından bu yana qardaş və dost ölkənin iqtidarları, siyasiləri tərəfindən də bu yöndə rəsmi bəyanatlar səsləndirilib, mövqelər sərgilənib”.

Bunu Milli Məclisin Komitə sədri Eldar İbrahimov son günlər Türkiyədə bəzi dairələr tərəfindən Ermənistanla sərhədlərin açılması məsələsinin ortaya atılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə rəsmiləri, siyasiləri bu məsələ gündəmə gələndə və ya gətiriləndə hər dəfə vurğulayıblar ki, Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistan hərbi birləşmələri Azərbaycan torpaqlarından geri çəkilməyincə sərhədlərin açılması mümkün və ya müzakirə mövzusu ola bilməz: “Bu baxımdan inanmıram və inanmaq da istəmirəm ki, qardaş dövlət tərəfindən Azərbaycana qarşı belə bir şok yarada, münasibətləri korlaya biləcək düşünülməmiş addımlar atılsın. Düşünürəm və əminliyim də bundan ibarətdir ki, Türkiyə rəsmiləri, hakimiyyət təmsilçiləri və siyasiləri 20 ildən bu yana verdikləri sözlərinin arxasında axıradək dayanacaq. Ancaq Türkiyə cəmiyyəti yekcins deyil. Türkiyədə də Azərbaycanı istəməyən, Qərbin, ermənipərəst dairələrin, antitürkiyə və antiazərbaycan qüvvələrin təsiri altında olan, onların tapşırıqlarını icra edən qüvvələr var. Eyni zamanda, Türkiyədə sol ekstremist təmayüllü qüvvələr mövcuddur, həmçinin ermənilər var. Məhz onlar bu məsələdə daim maraqlı görünürlər ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini gündəmə gətirsinlər, sərhədlərin açılmasına nail olsunlar və bununla da iki qardaş-dost dövlət Türkiyəylə Azərbaycan arasında nifaq yaratsınlar. Fikir versəniz görərsiniz ki, həmin qüvvələr Türkiyənin qeyri-hökumət təşkilatları sektorunda, həmçinin kütləvi informasiya vasitələrində daha çox özlərinə yer edərək burada aldıqları tapşırıqlara uyğun olaraq məlum məkrli planları bir an olsun fasilə vermədən həyata keçirməyə çalışır”.
Komitə sədri deyib ki, qarşıdan uydurma “erməni soyqırımı”nın 100 illiyi gəlir və artıq neçə illərdir ermənilər, onların havadarları buna ciddi-cəhdlə hazırlaşır, Türkiyəyə qarşı təzyiqləri, təhdidləri daha da artırırlar. Təzyiq, şantaj, təhdid yolu ilə Türkiyəni küncə sıxışdırmaqla, Ermənistanla sərhədləri açmağa məcbur etməklə öz istəklərinə nail olmaq istəyirlər. Biz bu məsələdə qardaş Türkiyənin də ağrılarını, narahatlıqlarını başa düşür və bu baxımdan, hər zaman da onların yanındayıq. Bu mövqeyimizdə də indiyə qədər olduğu kimi bundan sonra da israrlıyıq, qərarlıyıq. Biz heç zaman bu məsələdə qardaş, dost Türkiyəni tək, yalnız buraxmamışıq və buraxmayacayıq.

Belə olan halda, bizim də bir qardaş və dost ölkə, xalq olaraq Türkiyədən, türklərdən gözləntilərimiz, umacaqlarımız var. Biz də istəyirik ki, bütün təzyiq və təhdidlərə rəğmən Türkiyə dövləti, rəhbərliyi Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində axıracan dözümlülük, qərarlılıq nümayiş etdirsin, məkrli qüvvələrin oyununa gəlib münasibətləri poza biləcək hansısa yanlış addımlara yol verməsin”.

Cavidan


Müəllif: