13 Mart 2015 09:49
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasında durum kərgin olaraq qalır. Hazırda partiyada əsas qarşıdurma parlament seçkilərində kimlərin namizədliyinin irəli sürüləcəyi məsələsidir.

Artıq partiya rəhbərliyi bəyan edib ki, istənilən şəxsin deputatlığa namizədliyi haqqında partiyanın rəsmi qərarı olmalıdır. Yalnız bundan sonra həmin şəxslər Müsavatın namizədi statusunu ala bilər. Ötən gün qeyd etmişdik ki, namizədliyini irəli sürəcək müsavatçıların namizədliyini partiyanın Məclisi təsdiq etməlidir. Qeyd etmişdik ki, məhz bu durum Müsavat rəhbərliyinə imkan verəcək ki, onun legitimliyini qəbul etməyən ADR Hərəkatı üzvlərinin namizədliyini təsdiq etməsin.

Arif Hacılı: “Namizədlər Məclisdə təsdiq olunacaq”

Artıq Müsavat Partiyasının başqanı bununla bağlı açıqlama verərək dediklərimizi təsdiq edib. Arif Hacılı bildirib ki, istənilən müsavatçı namizəd partiyanın Məclisində təsdiq olunmalıdır: “Müsavat Partiyasının nizamnaməsində namizədlərin müəyyənləşdirilməsi proseduru aydın şəkildə göstərilib. Namizədləri Müsavat Partiyasının Məclisi qəbul etdiyi prosedur əsasında müəyyənləşdirəcək. Yəni bu, bir nəfərin iradəsindən asılı məsələ olmayacaq. Müsavat Partiyasının Məclisində səsvermə yolu ilə namizədlərimizi müəyyənləşdirəcəyik”.

Vurğun Əyyub: “Özləri bilər”

ADR Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyub isə bildirib ki, bununla bağlı onun heç bir problem yoxdur. Onun sözlərinə görə, artıq partiyanın Suraxanı təşkilatı onu müdafiə edəcəyini bildirib, eləcədə bu haqda partiya rəhbərliyinə müraciət edib: “Mənim bunun kənarında deyəcəyim söz yoxdur. Müsavata müraciət etmək niyyətim yoxdur. Ümumiyyətlə mən bu məsələlər haqda düşünmürəm. İstəmirlərsə namizəd olum, bu onların problemidir. Mən partiyanın namizədi olsam, deputat seçilsəm, bundan partiya qazanacaq. Özləri bilər. Mən ümumiyyətlə bu haqda danışmaq istəmirəm”.

ADR Hərəkatının sədrinin müavini əlavə edib ki, hazırda təşkilatlanma işləri ilə məşğul olurlar, çalışırlar ki, rayonlarda təşəbbüs qrupları yaradılsın, təşkilatın əhatə dairəsi genişlənsin.

ADR parlament seçkiləri hazırlığına başlayıbmı?

ADR Hərəkatının İdarə Heyətinin üzvü, Müsavat rəhbərliyi tərəfindən “asi” elan olunan Ellada Məmmədli bildirib ki, hazırda seçkilər məsələsini müzakirə etmirlər: “Hələlik bu haqda müzakirələr getməyib. İctimai hərəkat olduğumuz üçün mövcud qanunvericiliyə əsasən bu ad altında seçkidə iştirak edə bilməz. ADR üzvlərindən kim fərdi qaydada namizədliyini vermiş olarsa, ona da məhdudiyyət yoxdur. Bildiyim odur ki, Qubad İbadoğlunun namizədliyini irəli sürmək fikri yoxdur. Qalanları fikir bildirməyiblər. Şəxsən özümün marafona qoşulacağıma gəldikdə isə yalnız ölkədə seçki ərəfəsində demokratik dəyişikliklər edilsə, namizədliyimi vermək haqqında düşünərəm”.

Müsavata qarşı Tural Abbaslı cəbhəsi

Bu arada Müsavatda Tural Abbaslı ilə partiya rəhbərliyi arasında da problemlər yaşanır. Başqanlığa sabiq namizəd Tural Abbaslı fraksiya yaratmaq ideyasından əl çəkmir, Müsavatın Mərkəzi Nəzarət Təftiş Komissiyası isə bu hərəkətin partiya nizamnaməsinə zidd olduğunu elan edir. Qeyri rəsmi bildirilir ki, əgər Abbaslı fraksiya yaratsa partiya sıralarından xaric ediləcək. Abbaslı isə müxalifətdə insanların başının altına yalandan yastıq qoyulmasını kəskin tənqid edib: “Bəlkə mən başa düşmürəm, bilən varsa mənə də izah etsin ki, “Hər şey yaxşı olacaq, bəy!” cümləsinin siyasi anlamı nədir? İllərdir bu söz havada uçur.Yəni, yatıb duracağıq ki, hər şey yaxşıdır?”.Abbaslı həmçinin tələb edib ki, partiya MNTK-sı Qubad İbadoğlunun hansı səbəblərdən təşkilatdan çıxarılmasını əsaslandırsın. Əlavə edib ki, MNTK bu günə kimi İbadoğlunun partiyadan hansı maddələrə görə xaric edildiyini əsaslandıra bilməyib.

Cavidan


Müəllif: