16 Mart 2015 16:59
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musa Qasımlı: “Ölkələrimiz arasında münasibətlərin zəngin tarixi var”

Eldar İbrahimov: “Pakistan Prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir”

“Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin ölkəmizə səfəri Azərbaycan-Pakistan münasibətlərində mühüm hadisə olmaqla, yeni bir keyfiyyət mərhələsi açır”. Teleqraf.com-un məlumatına görə, bunu Pakistan Prezidenti Məmnun Hüseynin martın 11-14-də Azərbaycana etdiyi səfərə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Dünya Siyasəti İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, ölkələrimiz arasında münasibətlərin zəngin tarixi var. Onun sözlərinə görə, dövlət müstəqilliyimizi tanıyan üçüncü ölkə olaraq Pakistanın Azərbaycan Respublikasına, Azərbaycanın da Pakistana münasibətdə yürütdüyü siyasət tam aydın və birmənalı olub.

“Pakistan Ermənistanın ölkəmizə təcavüzü və ərazilərimizin bir hissəsinin işğalı məsələsində ədalətli, qəti mövqe tutur. Ötən illər ərzində iki ölkə arasında münasibətlərin müqavilə-hüquq bazası formalaşdırılıb. Ölkələrimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli əməkdaşlığı həyata keçiriblər.

Diplomatik-siyasi, müdafiə, təhlükəsizlik, ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə böyük işlər reallaşdırılıb. Heydər Əliyev Fondu Pakistanda zəlzələdən zərər çəkənlər üçün müasir məktəb binası inşa edib, həmçinin sel daşqınlarından zərər çəkənlərə maddi yardımlar edib. Hesab edirəm ki, bu səfər zamanı imzalanan sənədlər münasibətlərin daha da dərinləşdirilməsi üçün əlavə imkanlar açacaq”, – deyə M.Qasımlı qeyd edib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Pakistan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov isə deyib ki, Azərbaycan və Pakistan strateji münasibətdə olan dövlətlərdir. Onun sözlərinə görə, Pakistan dövlət müstəqilliyimizi tanıyan ilk ölkələr sırasındadır.
E.İbrahimov bildirib ki, Pakistan Prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, hər iki dövlət beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir.

“Münasibətlərimiz uğurla inkişaf edir. Pakistan həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyini müdafiə edib. Bir neçə il əvvəl bu ölkənin Senatı tərəfindən Xocalı soyqırımnın tanınması məhz bu münasibətlərin məntiqi nəticəsidir. Hesab edirəm ki, Pakistan münaqişənin həllində öz dəstəyini daim Azərbaycana verəcək”, – deyə E.İbrahimov vurğulayıb.

Səxavət


Müəllif: