17 Aprel 2014 11:42
2 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaqif Hacıbəyli: "Onu qeyri-səmimiliyinə görə işdən azad etdilər"

Ötən gün sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli dövlət müşaviri vəzifəsindən çıxarılmasının əsas baiskarının Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli olduğunu bildirib.

Q. Hüseynlinin dediklərinə reaksiya verən V. Hacıbəyli bu iddianı rədd edib. O bildirib ki, Q. Hüseynlinin qəbulunda 1995-ci ildə olub: "Həmin vaxt OMON silahlı qiyam etmişdi. Hakimiyyətlə danışıqlar aparmaq üçün mənim rəhbərliyimlə nümayəndə heyəti müəyyənləşdirilmişdi. Biz də Prezident Aparatına yollandıq. Məqsəd isə qiyamla bağlı siyasi müxalifətin mövqeyini hakimiyyətə çatdırmaq idi. Bizi qəbul otağında həmin vaxt dövlət müşaviri vəzifəsini tutan Qabil Hüseynli qarşıladı. Söhbət zamanı siyasi müxalifətin mövqeyini çatdırdıq. Qeyd etdik ki, siyasi müxalifət hərbi müxalifəti dəstəkləmir və problemin sülh yolu ilə həll edilməsini istəyir. Qabil Hüseynli də qeyd etdi ki, artıq qərar qəbul olunub və qiyamçılar tərksilah olunmalıdır. İndi Qabil Hüseynli deyir ki, guya həmin görüşdə onun fikirlərini gizli şəkildə diktafona yazmışam. Və onun vəzifədən çıxarılmasına səbəb də bu olub. Bu tamamilə yalandır. Həmin vaxt biz danışıqlara gedirdik, heç yadımıza diktafon düşürdü? Mən görüşdən sonra bizim aramızda olan söhbəti "Yeni Müsavat" qəzetində çap etdirdim. Sadəcə olaraq bu müzakirəmizi o qədər vicdanla qələmə almışdım ki, Qabil Hüseynliyə elə gəlir ki, məndə diktafon olub. Sadəcə olaraq Qabil Hüseynlini qeyri-səmimiliyinə görə işdən azad etdilər. Mənim ona qarşı kinim, qərəzim və incikliyim yoxdur".

Vaqif Hacıbəyli əlavə edib ki, Qabil Hüseynlinin ona yalnız bir iradı ola bilər: "Biz müzakirə aparan zaman Qabil Hüseynli bildirdi ki, mən çox şey danışa bilmirəm, çünki burada mənə böyük etimad yoxdur. Mən də bu ifadəni olduğu kimi yazmışdım. Onu da elə qeyri-səmimiliyinə görə, dövlət müşaviri vəzifəsindən qovdular. İndi hesab edir ki, bu işdə mənim günahım var. Mənimsə günahım yoxdur və hansısa diktafonla yazı yazmamışam. Görüşümüzdə müzakirə olunan məsələləri vicdanla qələmə almışam".

CAVİDAN


Müəllif: