17 Aprel 2014 11:53
1 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş və Həmrəylik Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiya sədrliyinə namizəd axtarışına çıxıb.

Onun sözlərinə görə, partiyada sədr olacaq kifayət qədər yetkin adam var: "Amma əsas olan hər kəsin qəbul edəcəyi adamı seçməkdir. Çünki iddialı adamlar da çoxdur. Elə namizəd olmalıdır ki, onlar tərəfindən də qəbul edilsin. Hazırda qurultaya hazırlıq gedir. Bu yaxınlarda partiya məclisinin iclası keçiriləcək və qurultayın vaxtı ilə bağlı qərar veriləcək. İnşallah qurultaya qədər namizəd tapılsa, qurultayda gedəcəyəm".

S. Rüstəmxanlı getməsinin səbəbini belə izah edib: "Partiya işləri vaxtımı çox alır. Mən 5 ilə yaxın nazir oldum, amma indiki kimi qəbuluma adam gəlmirdi. İndi bir partiya var, bir də dövlətə bağlı olmayan QHT. Yanıma isə yüzlərlə adam gəlir, elə bilirlər ki, dövlətə bağlıyıq. Bacardığım qədər kömək edirəm, amma hər şeyi etmək mümkün deyil. Adamların qayğılarına qalmaq çətin işdir, yanına gələnlər naümid gedəndə insan pis olur. Qərarıma bunlar da təsir edib".

2015-ci il parlament seçkilərində namizədliyini verib-verməyəcəyinə gəlincə, S. Rüstəmxanlı bunun şəraitə bağlı olduğunu söyləyib: "Sədrlikdən getsəm də, partiyadan qopmaq fikrim yoxdur. Ola bilsin ki, partiyanın üzvü kimi namizəd siyahısında olum. Amma seçkidə iştirak edib-etməməyim hələ bəlli deyil. Amma əsas fəaliyyətimi DAK-da daha da genişləndirəcəyəm".

NƏRGİZ


Müəllif: