20 May 2014 13:59
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda səfərdə olan Avropa Şurasının baş katibi Torbyörn Yaqlandla bu gün səhər görüşən hüquq müdafiəçiləri ona iki fərqli siyahı təqdim edib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Teleqraf.com-a açıqlamasında bildirdi ki, onların təqdim etdiyi siyahıda 28 nəfərin adı var. Biz "NiDA"çılarla yanaşı, Əli İnsanov, Akif Muradverdiyev, Tofiq Yaqublu, İlqar Məmmədovu siyasi məhbus hesab edirik və onların siyahısını baş katibə verdik. Təklif etdik ki, prezident İlham Əliyevlə görüşdə siyahı müzakirə olunsun. Biz həbsdə olan dinarları 28 nəfərdən ayırmışıq.

Düşünürük ki, onların məhkəməsi düzgün olmayıb, işlərinə yenidən baxıla bilər. Amma 28 nəfər tezliklə azadlığa buraxılmalıdır. Ondan sonra biz bir daha siyasi məhbus məsələsinə qayıtmamalıyıq. Qaçqın və məcburi köçkünlərin problemlərilə məşğul olmalıyıq.

N.Cəfəroğlu qeyd etdi ki, görüşdə iştirak edən hüquq müdafiəçisi Leyla Yunus onlardan fərqli olaraq Torbyörn Yaqlanda 130 nəfərlik siyahı təqdim edib: "Leyla xanım hesab edir ki, ölkədə 130 nəfər siyasi məhbus var. Biz bununla razı deyilik. Onu da deyim ki, görüşdə hüquq müdafiəçiləri arasında hansısa gərginlik olmadı. Görüş mehriban şəraitdə keçirildi".

Qeyd edək ki, Avropa Şurasının baş katibi ilə görüşdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Leyla Yunus, Arzu Abdullayeva, Eldar Zeynalov, Emin Hüseynov və politoloq Eldar Namazov iştirak ediblər.

T.Yaqland mayın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Bundan başqa, mayın 23-də baş katib Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin toplantısında da iştirak edəcək və növbəti dönəm baş katib vəzifəsinə namizədliyini irəli sürəcək.

Ruslan


Müəllif: