17 Aprel 2014 12:35
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Divanın verdiyi cəzanı onlar üçün az hesab edirəm"

Ötən həftə bir neçə müsavatçı gəncin partiyada töhmət aldığı və bir gəncin Gənclər Təşkilatından çıxarıldığı barədə xəbər vermişdik. Divan üzvləri xəbəri dolayı yolla təsdiqləsə də, qurumda məlumatın mediaya çıxarılması barədə qadağa qoyduğunu söyləmişdilər.

Müsavat Partiyasının mühacirətə gedən gənc üzvü Tural Sadıqlı partiyadaşlarının onu sosial şəbəkədə təhqir etməsini Müsavat rəhbərliyinə çatdırmış və bu barədə ölçü götürülməsini tələb etmişdi.

T. Sadıqlı dünən Facebook-da yazdığı statusda müsavatçı gənclərin cəzalandırılmasını təsdiq edib. O vurğulayıb ki, bəzi müsavatçılar hədlərini aşaraq sosial şəbəkədə ona qarşı təhqiramiz ifadələr işlədib: "Onların bu hərəkəti həm Müsavat Partiyasının nizamnaməsinin, həm də Cinayət Məcəlləsinin kobud şəkildə pozulması demək idi. Onların Müsavat Partiyasının üzvləri olduğunu bildikdən sonra bununla bağlı partiyanın Divanından barələrində ölçü götürülməsini tələb etdim. Divanın birinci iclasında təhqirə yol verən Ayaz Xəlilzadənin Müsavat Partiyası sıralarından qovulduğu, Amid Süleymanov, Fərəc Kərimov (Turan Turk profili işlədən) və Vasif Sadıqbəyliyə isə töhmət verildiyi qərara alınıb. Lakin Müsavat Partiyasının Divanın növbəti iclasında Ayaz Xəlilzadənin peşman olduğu və üzrxahlıq diləməsilə Divan üzvlərinin ona yazığı gəlib qovulma qərarını töhmətlə əvəzləyiblər. Beləliklə, Ayaz Xəlilzadə, Amid Süleymanov, Fərəc Kərimov, Vasif Sadıqbəyli mənə qarşı yol verdikləri böyük səhvə görə Müsavat Partiyasının ali orqanı tərəfindən töhmətlə cəzalandırılıblar. Lakin mən bu cür əxlaqa sahib olan kəslərin başqa cür cəzalandırılmasını tələb etmişdim və bu cəzanı onlar üçün az hesab edirəm".

Onun sözlərinə görə, divanın hansı səbəblərdən onlar üçün belə yüngül cəza seçməsi, prosesin necə aparılması ona bəlli olub: "Əziz partiya rəhbərliyinin nəzərinə çatdırıram ki, bu kimi yolaverici yüngül qərarların qəbulu bu kimi digər danışığını bilməyən, əxlaqdan uzaq olan kəslərin əlini-qolunu açır və partiya daxilində bundan sonra da xoşagəlməz hadisələrin baş verməsinə zəmin yaradır. Mən partiya nizamnaməsinin mənə verdiyi haqlardan istifadə edib onlar barədə partiyanın Divanının ölçü götürməsini tələb etdim və təəssüf edirəm ki, qaneedici məqbul cavab almadım, onlara sadəcə töhmət verdilər. Lakin partiyamın verəcəyi qərarı indiyədək gözlədiyim üçün AR qanunlarının mənə verdiyi hüquqdan hələ istifadə etməmişəm. Bu istifadə isə istisna deyil. Bəzi ağzıgöyçəklərə isə tövsiyə edirəm ki, bundan sonra kiməsə ilişmək istədiklərində öz potensiallarını və kimliklərini, eləcə də ilişmək istədikləri şəxsin potensial və kimliyini ölçüb-biçib, sonra yola çıxsınlar".

NƏRGİZ


Müəllif: