17 Aprel 2014 13:07
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azadlıq Partiyası bələdiyyə seçkilərini boykot etdi. Partiyanın sədri Əhməd Oruc Teleqraf.com-a açıqlamasında bildirdi ki, bələdiyyə seçkilərində iştirak etmək niyyətində deyillər.

"Biz Seçki Məcəlləsinin dəyişdirilməsinin tərəfdarıyıq. İndiki şərtlərlə seçkilərdə iştirak etməyin heç bir mənası yoxdur", - deyə Ə.Oruc qeyd etdi.

Partiya sədri əlavə etdi ki, bələdiyyə seçkiləri öncəsi müxalifətin koalisiya yaratması mümkün deyil:

"Müxalifətin seçkiqabağı bir araya gəlməsi mümkün deyil. Bunun üçün real vəziyyət yaranmayıb. Hətta Ukraynanın ərazisini özünə birləşdirən Rusiyanın Azərbaycana mümkün təsirlərini dəf etmək üçün müxalifət bir araya gəlmək iqtidarında deyil. Çünki prezident seçkilərində müxalifət Rusiyanın layihəsində yer aldı. Azərbaycanda elə siyasi partiyalar var ki, Azərbaycanın Rusiyaya birləşdirilməsini istəyir. Onlar böyük səbrsizliklər rusların ölkəmizə soxulmasını gözləyirlər. Bu cür qüvvələrlə bizim bir yerdə olmağımız mümkün deyil".

Ə.Oruca görə, Azərbaycanda milli qüvvələr vahid mövqedən çıxış etsələr, heç bir xarici qüvvə ölkəni parçalaya bilməyəcək: "Ukraynada rusiyapərəst qüvvələr çox olduğu üçün Kreml öz planını orada asanlıqla həyata keçirdi. Azərbaycanda rusiyapərəstlər çox olmasa da, yox da deyil".

Ayxan


Müəllif: