22 May 2014 16:14
503

Beynəlxalq Diaspor Mərkəzi (BDM) 26-28 may 2014-cü il tarixində Çexiyada silsilə tədbirlər və görüşlər keçirəcək.

BDM mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nəzərdə tutulmuş tədbirlər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Çexiyanın Brno şəhərində fəaliyyət göstərən Massarik Universiteti və Texnoloji Universitetdə Qarabağla bağlı informasiya guşələrinin yaradılması” layihəsi çəçivəsində həyata keçiriləcək.

Avropanın tanınmış Massarik və Texnoloji Universitetlərində Qarabağın tarixi və Ermənistanın Azərbaycana qarşı təcavüzünü əks etdirən informasiya guşələrinin açılışı olacaq və eyni zamanda hər iki universitetdə “Qarabağ həqiqətləri” adlı konfranslar keçiriləcək. Nəzərdə tutulmuş tədbirlərdə BDM tərəfindən hazırlanmış ingilis dilində “Erməni təcavüzü (Armenian agression)” adlı film nümayiş olunacaq.

Həmçinin BDM tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap edilmiş “History of Garabagh” adlı məlumatlandırıcı bukletlər də tədbir iştirakçılarına paylanacaq.

Tədbirlərdə Azərbaycanın Çexiyadakı səfirliyinin nümayəndələri, hər iki universitetin müəllim və tələbə kollektivi, Çex ictimaiyyətinin nümayəndələri, Çexiya, Slovakiya, Polşa və Avstriyada fəaliyyət göstərən BDM təmsilçiləri və diaspor fəalları, QHT və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, tədbirlərdə BDM sədri İsmayıl Ağayev və sədr müavini Samir Adıgözəlli, həmçinin BDM-in sıx əməkdaşlıq etdiyi Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksel Gülbey də iştirak edəcək.

BƏXTİYAR


Müəllif: