17 Aprel 2014 17:40
3 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Putinin bugünki çıxışı başdan-ayağa imitasiya idi. Suallar qabaqcadan hazırlanmışdı, öyrədilmiş insanların fikirləri efirə verildi. Putin Qərbə demək istəyir ki, Ukrayna ilə maraqlanmasın, ondan əllərini çəksinlər. Rusiyanın imperiya maraqları baş qaldırıb. Putin bu maraqları həyata keçirməklə məşğuldur. O, bu gün özünü imperator kimi apardı".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vəfa Quluzadə Rusiya prezidenti Vladimir Putinin bu gün canlı yayımda vətəndaşların suallarını cavablandırmasına münasibət olaraq bildirib.

V.Quluzadə qeyd etdi ki, o, Putini çox gözəl tanıyır: "O, "KQB"-nin nümayəndəsidir. Başqa cür hərəkət edə bilməz. İmperialist hakimiyyətlərin ümumi oxşar cəhətləri var. Əhalinin narazılığı artan kimi hakimiyyət başqa dövlətə qarşı müharibəyə başlayır. Rusiya xalqı ağır iqtisadi-sosial durumdadır. Zəngin təbii sərvətlərinin olmasına baxmayaraq əhalinin dolanışığı aşağıdır. Krım məsələsindən sonra Rusiya millətçiləri sosial narazılığı arxa plana keçiriblər. İndi bir müddət sonra sosial narazılıq baş qaldıran kimi Putin ABŞ-a qarşı söz savaşına başlayacaq. Əhaliyə deyəcək ki, ağır durumumuza səbəb Amerikadır. Proseslər buna doğru gedir. Putin bunu yaxşı başa düşür. Qərb Rusiyanın çökməsini istəmir. Orada hakimiyyəti dəyişməyi düşünür".

V.Quluzadə onu da əlavə etdi ki, Rusiya Ukraynanı Qərbdən daha yaxşı bildiyi üçün onu asanlıqla ram edə bildi: "Rusiya Ukrayna ordusuna öz adamlarını yerləşdirmişdi. Ona görə də müqavimətlə üzləşmədi".

Ruslan


Müəllif: Ruslan Xəlil