18 Aprel 2014 10:44
1 647

Prezident İlham Əliyevin rəsmi saytına (president.az) yerləşdirilmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ömür yoluna nəzər salıram.

1938-ci il 17 aprel doğumlu, Azərbaycanın yetişdirdiyi ən önəmli dövlət adamları sırasında üstün mövqelərdən birini tutan Ramiz Mehdiyevin parlaq ömür yolunu addım-addım göz önünə gətirir həmin bioqrafik məlumatlar.

Nə az, nə çox, düz beş il “Xəzərdənizneft” İdarəsində işləyən (07.05.1957 - 16.08.1962), üç il o zaman SSRİ-nin tərkibinə daxil olan Azərbaycanın komsomol təşkilatında təlimatçı kimi çalışan (28.12.1965 - 26.01.1968) Ramiz Mehdiyevin sonrakı karyera uğurlarında zəhmətsevərlik, işə bağlılıq, məsuliyyət anlayışlarının, bunlarla yanaşı, təhsilə, elmə, intellektə verdiyi dəyərin nə qədər önəmli olduğu açıq görünür.

1970-ci illərdə Azərbaycanın elmi-akademik mühitində fəlsəfə ilə peşəkar şəkildə məşğul olan insanlara böyük ehtiyac vardı.

Azərbaycanda düşüncə tarixini və cərəyanlarını araşdıran, bilən, öyrədən insanların sayı barmaqla sayılacaq qədər azıydı o zamanlarda.

Fəlsəfəsi olmayan, fəlsəfədən uzaq düşmüş bir xalqa çevrilmişdik. Hətta Sovet dövrünün rəsmi ideologiyası olan kommunizmi də Azərbaycan vətəndaşlarına izah edə biləcək milli kadrlar olduqca azıydı.

Bax, elə o zamanlarda Azərbaycanın elmi çevrələrində və dövlət srtrukturlarında Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində elmi iş götürmüş, tutduğu vəzifələrdə yüksək təşkilatçılıq qabiliyyətini isbat etmiş Ramiz Mehdiyevin timsalında Azərbaycanın sanballı siyasi siması parlayırdı...

1978-ci ildə 26 Bakı komissarı adına rayon partiya komitəsinin birinci katibi təyin olunanda onun 40 yaşı vardı, buna rəğmən, ölkənin ən püxtələşmiş isimlərindən sayılırdı.

Aydındır ki, müstəqil və demokratik bir ölkədə yüksək istedadı, dərin savadı, yaxşı reputasiyası olan insanların siyasi iyerarxiya üzrə yüksəlməsi elə də çətin deyil, amma nəhəng bir imperiyanın tərkibində yaşayan xalqların nümayəndələri üçün bu, olduqca ağır prosesdir.

Onun öz sözləri ilə desək, “tale Azərbaycanı heç zaman əzizləməmişdi”. Azərbaycanı əzizləməyən “tale”yin Azərbaycanı özündən əziz tutan övladlarını da gözü götürmürdü.

Bu prosesi keçmək üçün, şübhəsiz ki, əzm, qətiyyət, sarsılmaz iradə lazım idi. Bir də milli maraqları hər şeydən üstün tutan, şəxsiyyəti qiymətləndirməyi, gələcəyi görməyi bacaran YOLGÖSTƏRƏN.

***

Böyük Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 1969-cu ildən bu prosesə yaşıl işıq yandırıldı: onun əsas amalı ölkədəki kommunist elitasını milliləşdirmək, idarəçilik mexanizmində soydaşlarımızın çəkisini artırmaq idi...

Əlbəttə ki, Ramiz Mehdiyevin dövlət xadimi kimi yetişməsində Heydər Əliyevin rolu danılmazdır.
Zaman keçəcək, Heydər Əliyev Moskvada daha yüksək vəzifə tutacaq, ermənipərəst Qorboçovun və ermənilərin məkrli planları nəticəsində işindən uzaqlaşacaq, daha sonra Azərbaycana qayıdacaqdı. Burada hər cür təxribatla üzləşəcək, sonda müstəqil Azərbaycanı böhrandan, xaosdan və dağılmaqdan xilas edəcəkdi.

Azərbaycan yenidən doğulacaqdı...

Və... Bu illəri, on illəri əhatə edən uzun, çətin, keşməkeşli prosesdə Ramiz Mehdiyevin daha bir üstün keyfiyyəti üzə çıxacaqdı: SƏDAQƏT!

1992-ci il aprelin 7-də Ramiz Mehdiyev “Bakinskiy raboçi” qəzetinə verdiyi müsahibədə demişdi:
“Opponentləri nə deyirlərsə, desinlər, o, qeyri-adi şəxsiyyətdir, liderlik keyfiyyətlərinə malik böyük dövlət xadimidir. Siyasət isə liderin arxasınca getməkdir”

Bəli, siyasət - liderin arxasınca getməkdir! Az sonra onun bu fikri öz təsdiqini tapacaqdı: Azərbaycanlılar, Azərbaycançılar doğru seçim edəcəkdi!!! Bu seçim Azərbaycanı irəlilədəcəkdi...

Ən yeni tariximizi vərəqlədikcə bir daha əmin olursan: liderin gücü həm də onun komandasıdır. Bu komandada hər kəsin yeri və rolu dəqiqliklə müəyyənləşdirilmişdi. Qələbəni də məhz bu amil təmin etdi!!!

***

Sosial şəbəkələrdən göründüyü qədər, nəsillərarası konfliktlərin meydan suladığı Azərbaycanda Ramiz Mehdiyev Azərbaycanın dövlətçilik ənənəsinə bağlılığı, dövlət adamı kimi peşəkarlığı, ardıcıllığı, prinsipiallığı ilə örnəkdir.

Ancaq hansı zamanda, hansı yaşda, hansı məqamda olursa-olsun, Ramiz Mehdiyevin üzərinə götürdüyü bir missiya da var - ZİYALILIQ MİSSİYASI.

Onun Azərbaycan tarixinin iftixar qaynağı olan Səfəvilərlə bağlı yazdığı fundamental məqalələr, o məqalələrdə çağdaş Azərbaycan ictimai şüur prosesini nə qədər həssaslıqla izlədiyini, dövlətçilik məfkurəsinə dayanaraq Şah İsmayılın qurduğu dövlətin milli kimliyimizin formalaşmasındakı rolunu aydınlatması vətəndaşlarımızı köksüzləşdirməyə yönəlmiş yad ideoloji basqılara da tutarlı cavab oldu.
Bəli, bu gün artıq Azərbaycanın həm yerli ekspertləri, həm də ölkəmizi, bölgəmizi izləyən sanballı xarici analitiklər “Azərbaycan modeli”ndən söz açırlar.

Nədir “Azərbaycan modeli?”

Hələ 2010-cu ildə, dünyanın indikindən daha taraz olduğu, “Ərəb baharı”nın hənirtisinə ölkəmizdə də bir çoxlarının çiçəyini çırtlatdığı, Suriyada, Gürcüstanda, Ukraynada, hətta dost və qardaş Türkiyədə kələfin necə dolaşacağı heç kimə məlum olmayan bir vaxtda Ramiz Mehdiyev “İnkişafın Azərbaycan modeli”ndən bəhs edən bir kitab yazmışdı. Bu kitabda xüsusi vurğulanırdı ki, Azərbaycanın qəbul etdiyi bu model Heydər Əliyevin sayəsində ərsəyə gəlib, çağdaş dünyagörüşü və yüksək liderlik keyfiyyətləri ilə İlham Əliyev onu dünyaya təqdim edir...

“İnkişafın Azərbaycan modeli” təkcə iqtisadi cəhətdən Qafqazda lider dövlətə çevrilən Azərbaycanın bazar münasibətlərinə necə uğurla keçdiyini, qlobal böhrandan hansı uğurlarla çıxdığından bəhs etmirdi.
Bu kitab həm nəzəri və fəlsəfi, həm də praktiki baxımdan Azərbaycanı Şərqin, Qafqazın və Türk dünyasının lider dövlətinə çevirəcək strategiyanı əsaslandırırdı.

Maraqlıdır ki, onun qələmə aldığı hansı kitabı, hansı məqaləni vərəqləsən, yalnız bir prioritet istiqaməti görürsən: Ramiz Mehdiyev Azərbaycanın hansı problemindən söz açırsa, ondan çıxış yollarını da göstərir, ölkəmizin inkişaf konsepsiyasını sadə və aydın dildə oxuculara izah edir...
İllər, on illər keçəcək, Ramiz Mehdiyevin yazdığı kitablar kimi, onun haqqında yazılacaq kitablar da böyük maraq doğuracaq.

Azərbaycanın yetişdirdiyi bu böyük və əvəzsiz dövlət xadiminin, görkəmli filosofunun şəxsiyyəti, həyatı, fikirləri elmi araşdırmaların mövzusu olacaq.

Əminəm ki, bütün gələcək araşdırmaçıların onun haqqında gəldiyi yekdil fikir bu olacaq ki, Ramiz Mehdiyev əsl Dövlət Adamıdır! Əsl Azərbaycançıdır! Əsl Vətəndaşdır!

Çağdaş Azərbaycan tarixində onun xüsusi yeri var və həmişə olacaq!!!


Müəllif: