1 İyul 2015 23:04

Mahmud Məmmədquliyev Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak edib

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iyunun 29-da Belarusun paytaxtı Minskdə keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşündə iştirak edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə iştirakçılar Şərq Tərəfdaşlığının Riqa Zirvə toplantısından sonra Avropa İttifaqı (Aİ) ilə tərəfdaş ölkələr arasında münasibətlərin gələcək perspektivləri haqqında müzakirə aparıblar.

Bu xüsusda nazir müavini M.Məmmədquliyev Azərbaycanla Avropa İttifaqı arasında vətəndaşların hərəkəti, enerji və nəqliyyat bağlantılarının yaradılması və ticarət əlaqələrinin inkişaf etdirilməsi imkanlarına toxunub. O, həmçinin Azərbaycan Respublikasında yaxşı idarəçilik, o cümlədən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər haqqında məlumat verib və bu çərçivədə ASAN xidmətin səmərəli fəaliyyətini qeyd edib.

Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb.

M.Məmmədquliyev qarşılıqlı maraqlara söykənən bərabərhüquqlu əməkdaşlığın təşviqi baxımından Azərbaycanın Aİ ilə gələcək münasibətlərini ikitərəfli formatda inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Qeyd edək ki, xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşləri növbəlilik əsasında Şərq Tərəfdaşlığı ölkələrinin paytaxtlarında təşkil olunur və məqsəd tərəfdaş ölkələr və Avropa İttifaqı arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaqdır. Bundan öncəki qeyri-rəsmi dialoq görüşü 2014-cü ilin sentyabrın 9-da Bakıda keçirilib.

Səxavət


Müəllif:
Загрузка...