4 İyul 2015 13:02
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabil Hüseynli: "Siyasətçiləri addımlarını qabaqcadan öyrənmək məqsədilə dinləyirlər"

Bir neçə il əvvəl WikiLeaks saytının ABŞ Milli Təhlükəsizlik Agentliyinin dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin kabinetlərini dinləməsi ilə bağlı sənədləri dərc etməsi uzun müddət medianın gündəmini məşğul etmişdi.

Bir çox ölkələr buna kəskin reaksiya versə də, ABŞ xüsusi xidmət orqanları bu dinləmələri davam etdirdilər. Avropa ölkələrindən Fransa da bu olayla qarşı-qarşıya qaldı. İndi isə Almaniya Amerikanın bu oyunu ilə qarşılaşıb.

Belə ki, ABŞ-ın Almaniyadakı səfiri izləmə qalmaqalı ilə əlaqədar müzakirələr üçün kansler Anqela Merkelin idarəsinə çağırılıb. WikiLeaks saytında dərc olunan məlumata görə, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Almaniyanın dövlət qurumları rəhbərlərinin və yüksək vəzifəli məmurların telefonunu dinləyib. Ümumilikdə 69 telefon nömrəsinə qulaq asılıb.

Məlumata görə, MTA-nı ilk növbədə Almaniyanın iqtisadi və valyuta siyasəti maraqlandırıb.

Məsələyə münasibət bildirən Azad Demokratlar Partiyasının sədri, MTN-in sabiq əməkdaşı Sülhəddin Əkbər bildirib ki, dünyanın böyük dövlətləri marağı olan ölkələrdə bu cür əməliyyat-texniki işləri aparır. Onun sözlərinə görə, ABŞ-ın dünyaya liderlik etmək iddiasının olduğunu nəzərə alsaq, bu ölkə bütün dünya üzrə öz marağına uyğun olaraq əməliyyat-texniki işləri görür: "Sadəcə olaraq, bu işlərin bir hissəsi aşkara çıxıb. Düşünürəm ki, ABŞ, eyni zamanda Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin, İsrail kimi dövlətlər öz miqyasında bu işləri görür və bundan sonra da görəcək. Çünki kəşfiyyat məlumatlarının əldə olunması düzgün siyasi qərarların qəbulu üçün çox vacibdir. Ona görə də hər hansı ölkənin bundan vaz keçəcəyini düşünmürəm".

S.Əkbərin sözlərinə görə, bu dinləmələrdən Almaniyanın xəbəri olub-olmamasını demək çətindir: "Artıq bu məlumatlar üzə çıxdıqdan sonra Almaniyada bir tərəfdən müxalifət, digər tərəfdən kütləvi informasiya vasitələri ictimai rəydə müəyyən basqı yaradır. Ona görə də, Almaniya hökuməti və kansleri buna reaksiya vermək məcburiyyətində qalıb. Amma məntiqlə baxanda almanlar bunu bilməmiş deyildilər".

Politoloq Qabil Hüseynli deyib ki, Amerika və onun köməkliyi ilə Böyük Britaniya dünyada ən inkişaf etmiş telefonları və otaqları dinləmə sisteminə malikdir. Onun sözlərinə görə, yalnız bu iki ölkədə belə texniki imkanlar var: "ABŞ insan faktorundan istifadə edərək birbaşa agentura şəbəkəsini yerləşdirməkdən daha çox texnologiyaların köməkliyi ilə müxtəlif ölkələrdəki bu və ya digər siyasi durumu, siyasilərin düşüncələrini, xarakterini öyrənir. ABŞ Avropa dövlətləri ilə müttəfiqdir və sual oluna bilər ki, müttəfiqlərin nəyini öyrənir. Məsələn, Almaniyanı ona görə dinləyirdi ki, bu ölkə Ukrayna məsələsində müəyyən tərəddüdlərə yol verirdi, Rusiya ilə alış-veriş edirdi və sair. Belə olan halda tutalım ki, Almaniyada yeridiləcək siyasətin üfüqlərini, perspektivlərini dinləmə yolu ilə proqramlaşdıra bilirdilər, yaxud da onun maketini qururdular.

Fransa-Amerika münasibətləri hələ o qədər bərkiməyib. Fransa uzun müddət NATO daxilində parçalayıcı qüvvə kimi çıxış edib. Ona görə də Amerika Fransa siyasi elitasını dinləmək və onun nə düşündüyünü, hansı hərəkətlər edəcəyini qabaqcadan öyrənmək məqsədini qarşıya qoyub. Yəni, Amerika bütün dünya ölkələrini dinləyir".

Politoloq deyib ki, ABŞ dinləmələr nəticəsində əldə etdiyi məlumatlardan sui-istifadə eləmir: "Yaxud da həmin ölkəyə və onun siyasətçisinə qarşı istifadə eləmir. Sadəcə olaraq, Amerika həmin ölkənin ümumi xəttə nə qədər loyal münasibət bəslədiyini özünə əyan etmək istəyir. Ona görə də bu dinləmə məsələləri ciddi konfliktlərə gətirib çıxarmır. Məsələn, Almaniya kansleri Angela Merkeli də dəfələrlə dinləyiblər, lakin Obama ilə görüşəndən sonra məsələlər yoluna qoyuldu. Son zamanlar Fransa prezidenti Ollandın da dinlənilməsi məsələsinin üstü açılıb. Zənn edirəm ki, Ollandla da dil tapacaqlar. Bunlar müttəfiqdirlər və ən çətin məqamlarda Amerika onların köməyinə çatır. Fikrimcə, Amerika deyəcək ki, bu dinləmələri ümumi strategiyamızın və taktikamızın hazırlanması naminə etmişik. Yaxud da, aralarında olan münasibətlərə nə dərəcədə dəqiqliklə riayət edilməsi xatirinə etmiş olduğunu deyəcək. Siyasilər danışır, lakin başqa cür hərəkət edir. Amma dinlənildikdən sonra qarşılarına səsli material qoyulanda ümumi xətdən kənara çıxa bilmirlər".

BƏXTİYAR


Müəllif: