7 İyul 2015 10:55
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli tərəfindən döyülən partiyanın sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu yeni açıqlamalarla çıxış edib.

O, bildirib ki, partiya daxilində sədrlik, yüksək postlar tutmaq uğrunda amansız mübarizə gedir: "Sahib Kərimlinin mənimlə baş verən hadisədən sonra verdiyi bəzi açıqlamalara aydınlıq gətirmək istəyirəm.

O, bildirib ki, mən rəhbərliyi də təhdid edirdim. Guya, bu, rəhbərliyə canıyananlıq edir. Ona bir şeyi xatırlatmaq istəyirəm. Suraxanıdan üç gənc qovulanda o, gecə məni işlətdiyi restorana çağırdı. Bildiyiniz kimi, bizdə hər bazar ertəsi Rəyasət Heyətinin toplantısı keçirilir. O, mənə dedi ki, iclas Həsən Kərimovun evinin qarşısında olacaq, orada aksiya keçirmək lazımdır. Məsələdən Razi Nurullayev, Rafiq Daşdəmirli və Arzuman Məcidlinin də xəbərdar olduğunu bildirdi. Bir gün sonra səhər tezdən Rafiq Daşdəmirli məni yuxudan oyadaraq, Nərimanovdakı "Şəki kafesi"nə çağırdı. Gedən zaman bağlı otaqda Arzuman və Rafiqin oturduğunu gördüm. Arzuman dedi ki, məsələ çox ciddidir, əlimizə fürsət düşüb, üç gəncin çıxarılması ilə bağlı partiya rəhbərliyini devirməliyik. Açıqca bildirdi ki, Əli, Həsən, Gözəl siyasətdən getməlidir. Onların yolunda can qoyduğunu, amma hüzrü düşəndə gəlmədiklərini söylədi. Hətta onu da dedi ki, 2 apreldə oğlumun tutulmasında Həsən və Gözəldən şübhələnirəm. Bu şəxsləri siyasətdən silmək uğrunda mübarizə aparacağını bildirdi. Rafiq Daşdəmirli isə dedi ki, burada məsələ ciddidir. Razi Nurullayev dəqiqəbaşı ona zəng edirdi. Planımız o oldu ki, 30-40 gənclə Həsən Kərimovun evinin qarşısında aksiya keçirək. 15 gənc Suraxanıdan gəlməli idi. Qalanını da mən toplamalıydım. Söhbət gedən vaxt Məmməd İbrahim mənə zəng vurdu. Arzuman qorxuya düşdü ki, bizi satdılar".

"Sahib Kərimli rəhbərliyin məsələsini qoymaq istəyirdi"

Sabiq cəbhəçi Sahib Kərimlinin AXCP Ali Məclisinin sədrliyinə iddialı olduğunu bəyan edib: "Mənimlə bu cür plan quran şəxslər indi partiyaya canıyanan olublar. Mən də daxil olmaqla, məqsədimiz o olub ki, Sahib Kərimli Ali Məclisə sədr seçilsin. Razi, Rafiq və Arzumanla bu cür razılaşmamız olub. Rafiq mənə deyib ki, Sahibi Ali Məclisə sədr seçək, ondan sonra partiya rəhbərinin etimadsızlığını qoyaq. Sahib birdən-birə dedi ki, partiyanı götürəcəm. Razinin yanına gəldim ki, oyunda yoxam. Sahibin partiyanı götürməyi çox absurd görünürdü. Rafiq mənimlə razılaşdı, amma oyunda sona qədər getməyin vacib olduğunu söylədi. Bu sözlərdən sonra məndən incidilər. Arzuman bunu daha açıq şəkildə büruzə verdi".

A.Tanrıverdioğlu Milli Şuranın mitinqlərinin iflasının səbəblərindən danışıb. Deyib ki, Milli Şuranın son uğursuz mitinqində Rafiq Daşdəmirli artıq bezibmiş: "Mənə dedi ki, artıq bezmişəm, Sahib məni mitinqə adam çıxmaması ilə bağlı məcbur edir, etibar edib kiməsə deyə bilmirəm. Məndən kömək istədi. Yenə də ona yardımçı oldum. Bir çox şəxslər mitinqə gəlmədi. Mitinqin kütləvi alınmamasına xeyli yardımçı oldum".

AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli isə bildirib ki, onun üzərindən böyük oyun oynanılır: "Bu oyunu pozacam. Ağaşirinlə separat əlaqəyə girmişdimsə, nədən dörd aydır məndən yalvarışla kömək istəyirdi? Belə xarakterli adam niyə məni şantaj etmirdi? İkincisi, Suraxanıdan çıxarılan cəbhəçilərlə bağlı məsələ Rəyasət Heyətində müzakirə olunan gün mən səhhətimlə bağlı iclasa gəlmirdim. Həmin gənclərdən biri Cavid Musazadə məndən xahiş etdi ki, rayon şöbəsi məclisinin qərarı var. Bu qərarın surətini Rəyasət Heyətinə çatdırmaq lazımdır. Cavid Musazadə bu faktı təsdiqləyə bilər. Kimin əlində nə faktı var açıqlasın".

Daha bir istefa

Bu qarşılıqlı ittihamlar mərhələsində daha bir nəfər AXCP-ni tərk edib. AXCP-nin Sabunçu təşkilatının üzvü Teymur Kərim istefasını Facebook sosial şəbəkəsində elan edib. Eləcə də, istefasının səbəblərini açıqlayıb: "Bu ilin yanvar ayından AXCP Sabunçu rayon şöbəsində mənə qarşı sədr tərəfindən etik normalara uyğun olmayan hərəkətlər baş vermişdi. Sədr məni telefonda söymüşdü və mən Əli Kərimlinin şəxsi səhifəsinə, Əbülfəz Qurbanlıya, NTK sədrinə, Məclis sədri Həsən Kərimova, Fuad Qəhrəmanlıya məlumat vermişdim. Lakin bu günə kimi heç bir tədbir görülməyib. Bu ilin 28 iyununda isə konfrans baş tutub və mən də həmin konfransda iştirak etmişəm. Mandat üzvlərindən 15-ə yaxın üzvü tanımamışam. Onların nə zamandan partiyaya üzv olduğunu bilmirəm. Yəni "pripiska" məsələsi burda da baş verib. Mən də namizədliyimi irəli sürdüm, lakin seçki zamanı dözümsüzlük, siyasi iradələrini ortaya qoya bilməyən şəxs, Məclis sədrinin oğlu oturduğum yerdə yumruqla məni vurdu. Bu hadisələr sədrin müavini Nurəddin Məmmədli və NTK sədri Arzuman Məcidlinin yanında baş verdi. Bu hadisədən sonra mən iclası tərk edəsi oldum. AXCP Sabunçu rayon şöbəsi saxta seçkisini keçirtdi və təşkilatı pis günə qoyan Allahverdi Allahverdiyevi sədr seçdilər. Mən yenidən göstərilən tərbiyəsizliklə bağlı müraciət etsəm də, bu günə kimi tədbir görülməyib. AXCP Sabunçu rayon şöbəsinə, Məclisinə, AXCP sədrinə yazaraq bildirmək istəyirəm ki, məni Sabunçu rayon şöbəsi üzvlüyündən azad edəsiniz, artıq bu şöbədə bu şəkildə fəaliyyət göstərmək mümkünsüzdür".

CAVİDAN


Müəllif: