9 İyul 2015 13:14
1 260

"Rauf Arifoğlunun Müsavat Partiyasından getməsi partiya üçün böyük itki olacaq. Bəzi dönəmlərdə "Yeni Müsavat" qəzetinin nüfuzu Müsavat Partiyasından yüksəkdə olub. Rauf bəy istefa versə, partiya böyük bir təbliğat vasitəsindən, yetkin siyasi kadrdan məhrum olacaq".

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun Müsavat Partiyasından gedəcəyinə dair fikirlərinə münasibət bildirərkən qeyd edib.

S.Cəlaloğluna görə, jurnalist heç bir partiyaya bağlı olmalı deyil: "Jurnalist partiya üzvü olursa, artıq onun obyektivliyi sual altına düşür. Bu mənada "Yeni Müsavat"ın durumu həmişə ağır olub. Həqiqəti yazanda partiya üstünə gəlib, təəssübkeşlik edəndə oxucular. Qəzet müstəqilliyini qorumaq üçün siyasi təşkilatlardan uzaq olmalıdır. Partiya qarşısında öhdəliyi olan şəxs necə azad jurnalist ola bilər? Demokratik ölkələrdə mətbuat işçiləri siyasi partiyalardan kənarda dururlar. Partiya üzvü olan şəxs azad mətbuatı təmsil edə bilməz".

ADP sədri qeyd edir ki, "Yeni Müsavat" qəzetinin nüfuzu bəzi vaxtlarda Müsavat Partiyasından güclü olub: "Hətta partiya mövcudluğuna görə, bu qəzetə minnətdar olmalıdır. Rauf Arifoğlunun getməsi Müsavat Partiyasının reytinqinə ciddi təsir göstərəcək. Hətta mən deyərdim ki, Rauf Arifoğlunun Müsavat Partiyasından getməsi partiyanın parçalanması demək olacaq. Müsavat Partiyası çoxlu sayda tərəfdaş itirəcək".

Ruslan


Müəllif: