13 İyul 2015 11:40

Dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna Türkiyənin sədrliyi çərçivəsində Bodrumda təşkilatın 3-cü şerpa (dövlət və hökumət başçılarının xüsusi nümayəndələri) iclası keçirilib. Azərbaycanın Xarici İşlər, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyətinin tərkibində Energetika Nazirliyinin iqtisadiyyat, elm və innovasiya şöbəsinin böyük məsləhətçisi Nərgiz Bağırlı da iştirak edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclas çərçivəsində bir sıra mövzularla yanaşı, enerji məsələlərinin də müzakirəsində iştirak edib. Türkiyənin sədrliyi çərçivəsində bu ilin oktyabrında keçirilməsi planlaşdırılan G20 enerji nazirlərinin ilk görüşünün gündəliyi və qəbul ediləcək müvafiq Kommunikedə əks olunacaq enerji məsələləri də əsas müzakirə mövzularından olub.

Bundan başqa, enerjiyə əlçatanlıq göstərici zəif olan Sub-Saxara Afrikasının enerji təminatının həlli yollarını əks etdirən Fəaliyyət planının müzakirəsinə həsr edilən konfransın keçirilməsi də nəzərdə tutulur. Nazirlərin toplantısında enerjiyə əlçatımlıq əsas diqqət yetirilən məsələlərdən olacaq. Enerjidən səmərəli istifadənin vacibliyi, səmərəsiz yanacaq subsidiyalarının ləğvi, eləcə də bərpa olunan enerji mənbələrinin ənənəvi enerji resursları ilə rəqabətə davamlılığını şərtləndirən məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Türkiyə G20 qrupuna ötən il dekabrın 1-dən 2015-ci il noyabrın 30-dək sədrlik edir. Türkiyənin sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan da tamhüquqlu üzv kimi iştiraka dəvət alıb. Dünya iqtisadiyyatının 90 faizi, dünya ticarətinin 80 faizi və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Onun gündəliyi qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər sahələri əhatə edir.


Müəllif:
Загрузка...