14 İyul 2015 16:40

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvaya gedib. Bu barədə amerikalı həmsədr özünün “Twitter” mikrobloqunda yazıb.

“Moskvaya yola düşürəm. Dağlıq Qarabağ üzrə müzakirələri səbirsizliklə gözləyirəm”, - deyə Uorlik bildirib.

Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev deyib ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ hökuməti müəyyən addımlar atmağa səy göstərir. Onun sözlərinə görə, bu bir neçə səbəbdən baş verir: “Birincisi, ABŞ bu istiqamətdə təşəbbüsü Rusiyadan tam şəkildə almağa çalışır. Bu məqsədlə Uorlik Avropa Oyunları öncəsi İrəvana da səfər etdi və özünü iştirak edəcək erməni idmançıları üçün qarant kimi təqdim etdi. Bundan başqa ABŞ-da Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün təşkil edilməsi istiqamətində bir sıra addımlar atılır. İkinci məqam kimi, Azərbaycan və ABŞ arasında münasibətlərin daha da möhkəmlənməsinə çalışan Uorlik bir imkan kimi ATƏT mandatından istifadə edir”.

A.Nağıyevin sözlərinə görə, Uorlikin hazırkı Rusiya səfəri də müəyyən məsləhətləşmələrin aparılması ilə bağlı ola bilər: “Yəqin ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri, son vaxtlar təmas xəttində və sərhədyanı bölgələrdə baş verən təxribatlarla bağlı söhbətlər aparılacaq. ATƏT-in Minsk qrupunun hər üç nümayəndəsinin bundan sonra ABŞ-a səfər edəcəyi, dövlət katibliyində, müdafiə və milli təhlükəsizlik nazirliyində də görüşləri olacağı qeyd edilir. Formata baxanda hiss olunur ki, əsas məsələ yenə də güc strukturları və əməliyyat şəraiti ilə bağlıdır”.

Millət vəkili, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvü Rövşən Rzayev deyib ki, Rusiya, Amerika və Fransa Minsk qrupunun həmsədr dövlətləridir. Onun sözlərinə görə, onlar öz aralarında Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud işləri həyata keçirməlidirlər: “Bu mənada Uorlikin Moskvaya səfərində qeyri-adi heç nə görmürəm”.

Münaqişənin həllində hər hansı irəliləyişin olub-olmaması ilə bağlı sualı cavablandıran R.Rzayev qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə qəbul olunmuş sərhədlərinin bərpası ölkəmizin ərazi bütövlüyünün təmin olunması şərti ilə Minks qrupu çərçivəsində həllini tapacaq: “Bu yaxınlarda da biz onun şahidi olacağıq”.

BƏXTİYAR


Müəllif:
Загрузка...