15 İyul 2015 12:08
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Altılıq” və İran arasında əldə olunan razılaşma dünya mətbuatının diqqət mərkəzindədir. İran qarşıdakı 15 il ərzində uranı 3,67 %-dən artıq zəngiləşdirməyəcək. İrana Fordoda hər cür nüvə materiallarının saxlanması qadağan olunur. Sənədə əsasən, İrana qarşı tətbiq edilən Avropa İttifaqının bank əməliyyatları və sığorta, eləcə də "SWIFT"-in ödəniş sistemi sahəsində sanksiyalar aradan qaldırılır. İran yaxın 25 il ərzində Beynəlxalq Atom Enerjisi Agentliyini (MAGATE) ölkəsində uran konsentratını izləməyə icazə verəcək.


Sanksiyaların götürülməsindən sonra İranın dünyanın iqtisadi və siyasi həyatındakı rolu necə olacaq? Tehranın qonşularla münasibətində dəyişikliklər gözlənilirmi? Ən əsası razılaşmanın Azərbaycana mümkün təsirləri nədən ibarətdir? Bu və digər suallara cavab tapmaq üçün politoloq Zərdüşt Əlizadəyə müraciət etdik.

Z.Əlizadə İranın beynəlxalq ticarətin bir subyekti olandan sonra dünya bazarına çıxışının asanlaşacağını və bu ölkənin iqtisadi qüdrətinin artacağını düşünür: "İri şirkətlər İranla müqavilə bağlayıb neft-qaz sənayesinin istismarında iştirak edəcəklər. Çox güman ki, İranla Əsrin müqaviləsi bağlanacaq və bununla da, ölkənin beynəlxalq aləmdəki rolu əhəmiyyətli dərəcədə artacaq. Düşünürəm ki, yaxın gələcəkdə neftin qiyməti bir qədər də aşağı düşəcək. Amma bu, fəlakətli həddə olmayacaq. İrana qarşı müharibə təhlükəsi var idi. İsrail ilə münasibətləri pisləşmişdi. İndi bu təhlükə də arxada qaldı. Əgər İran bundan sonra özünün xarici siyasətini region ölkələrinin xarici siyasətləri ilə uzlaşdıra bilsə, onun regiondakı nüfuzu xeyli artacaq. İqtisadi gücün artması siyasi nüfuzun artmasına gətirib çıxaracaq".

Z.Əlizadəyə görə, İrana qarşı sanksiyaların götürülməsi, bu olkənin inkişafı Azərbaycana müsbət təsir göstərəcək: "Əvvəla, hər bir ölkə qonşusunun güclü, təhlükəsiz və firəvan olmasını arzulamalıdır. Azərbaycanın ən yaxın, tarixi qonşusu İrandır. Bizim orada milyonlarla soydaşımız yaşayır. İki ölkə arasında güclü iqtisadi, siyasi, mədəni əlaqələr qurula bilər".

Politoloq hesab edir ki, İrana qarşı sanksiyaların götürülməsi Rusiya üçün dəhşətli faciə olmayacaq: "Bunun Rusiyaya birbaşa mənfi təsiri olmayacaq. Söhbət, sadəcə dünya bazarında neft və qazın qiymətinin düşməsindən gedir. Düşünürəm ki, İran bundan sonra özünün iqtisadi və siyasi əlaqələrini düzgün quracaq. Amerika ilə düşmənçiliyi bacaran dövlət onunla dostluq da qura biləcək".

Ruslan


Müəllif: