15 İyul 2015 15:59
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 15-də parlamentdə Milli Məclislə (MM) Azərbaycan Mətbuat Şurası (AMŞ) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Teleqraf.com xəbər verir ki, memorandum imzalanmazdan əvvəl çıxış edən parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, parlamentlə mətbuat arasındakı münasibətlər daha yaxşı olmalıdır.

Onun sözlərinə görə, Milli Məclis mətbuatdan narazı deyil, amma hərdən narazılıqlar da olur: “O narazılıqlar daha çox informasiyanın dəqiq çatdırılmaması və deyilən sözlərin təhrif edilməsi ilə bağlı olur. Milli Məclis də mətbuat qədər, hətta, mətbuatdan da çox demokratik qurumdur. Ona görə də demokratik fikir mübadiləsində yaxından anlamaq çox vacib şərtdir. Millət vəkillərinin giley-güzarı ondan ibarət olur ki, Milli Məclisin gördüyü işlər, qəbul etdiyi qanunlar, qanunların həyata keçirilməsi, qanunlarla ortaya çıxacaq məsələlərlə bağlı analitik yazılar azdır. Bu yazıların deputatlara faydası ola bilər. Bu ilk növbədə Milli Məclisdə fəaliyyət göstərən, akkreditasiya olunmuş jurnalistlərə aiddir. Çünki onlar bizimlə bir yerdədirlər, Milli Məclisin mətbəxinə bələddirlər. Onların tənqidi yazıları, münasibətləri bütövlükdə jurnalistikaya təsir edə bilər”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyib ki, qarşıdan gələn 22 iyul Milli Mətbuat Günü təkcə mətbuatın, jurnalistlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: “Çünki hər bir xalqın ictimai-siyasi həyatında, inkişafında mətbuatın böyük rolu var. "O cümlədən, Azərbaycan xalqının da ictimai-siyasi həyatında, onun tərəqqisində, inkişafında mətbuatın əvəzsiz rolu var və olub”.

Çıxışların sonunda parlamentin adından komitə sədri Nizami Cəfərov Mətbuat Şurasının təmsilçisi qismində isə Əflatun Amaşov memorandumu imzalayıb.

Nemət


Müəllif: