16 İyul 2015 22:37
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibə Qafarova: “Bu cür sənədlərin qəbulu bizim üçün heç bir mahiyyət daşımır”

“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında səsləndirdiyi fikirlər ölkəmizin gələcəkda həyata keçirəcəyi xarici siyasi kursun strateji konturlarını özündə ehtiva edirdi”.

Bunu Milli Məclisin üzvü Sahibə Qafarova deyib. Onun sözlərinə görə, Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında isə dövlət başçısı tərəfindən uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik siyasət kursu dayanır.

Millət vəkili deyib ki, milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, paralel islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemində sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir: “Azərbaycan çox mürəkkəb bir geosiyasi bölgədə yerləşməsinə baxmayaraq, mövcud şərtləri öz lehinə çevirə bilib. Eyni zamanda, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olan bir ölkə kimi heç vaxt bu zənginliyindən başqa məqsədlər üçün istifadə etməyib. Azərbaycan yalnız əməkdaşlıq və dialoqun tərəfdarıdır. Azərbaycan konyuktur və dövri maraqlara deyil, ardıcıl siyasi kursa əsaslanır.

Azərbaycan onunla əməkdaşlıq etmək istəyən istənilən dövlətə və təşkilata qapılarını açır. Azərbaycan tam şəkildə müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir. Eyni zamanda, biz regional əməkdaşlığı gündən-günə möhkəmləndiririk, ölkədə ictimai-siyasi sabitlik tam təmin olunub. İqtisadi inkişaf uğurla davam edir, Azərbaycan artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Əlbəttə ki, özlərini dünyanın sahibi hesab edən ölkə və ayrı-ayrı qüvvələr bütün bunları həzm edə bilmirlər. Onlar hər vəchlə Azərbaycana qarşı riyakar, ikili standartlara söykənən, heç bir məntiqə sığmayan kampaniyalar həyata keçirirlər”.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin sözügedən iclasdakı çıxışında bütün bu məsələlər çox əhatəli və dəqiq təhlil olunub, Azərbaycana qarşı aparılan çirkin kampaniyanın səbəbləri aydın şəkildə göstərilib: “Təəssüf ki, bu gün beynəlxalq münasibətlərdə bəzi hallarda ədalət pozulur. Biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də görürük. Eyni zamanda, bir sıra digər məsələlərdə də Azərbaycana münasibətdə çoxstandartlılığın, qeyri-adekvat və qərəzli münasibətin şahidi oluruq. Avropa Şurası Parlament Assambleyasında təmsil olunan bir insan kimi deyə bilərəm ki, burada fəaliyyət göstərən bir qrup deputat onlara verilən komanda ilə hər hansı bir ölkəni hədəf seçir və həmin ölkəyə qarşı bütün vasitələrlə çirkin kampaniyanı həyata keçirməyə başlayırlar. Burada məqsəd müxtəlif ola bilir. Məsələn, hansısa məsələdə bunların yumşaq mənada sözünə baxmayan dövlətlər “cəzalandrılır”. Yaxud da o dövlətin inkişafı, güclü olması bəzi qüvvələri narahat edir və yenə də o dövlətə hücuma keçirlər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bəzən Azərbaycan əleyhinə hansısa qətnamələr qəbul olunur. Əlbəttə, bu cür sənədlərin qəbulu bizim üçün heç bir mahiyyət daşımır”.

Səxavət


Müəllif: