16 İyul 2015 17:59

“Dağlıq Qarabağ münaqişəsi iştirakçılarının məsələnin sülh yolu ilə həllində tərəqqi əldə edilməsinə bağlılıqlarını təsdiqləmələri vacibdir”. Bunu ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin Brukinqs İnstitutunda çıxışında deyib.

E.Rubin bildirib ki, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur: “Biz bu məsələyə ədalətli, dinc, uzunmüddətli, qarşılıqlı faydalı qərarın əldə edilməsi mövqeyindən yanaşırıq. Məsələyə hamının məhz bu mövqedən yanaşması lazımdır, digər alternativlər isə o qədər dəhşətlidir ki, onları heç nəzərdən keçirməyə dəyməz”.

Amerikalı diplomat qeyd edib ki, nə qədər asan olmasa da, ABŞ tərəflərin sülhə bağlılıqlarını təsdiqləməsinə ümid edir: “Bu, sadə deyil: nizamlanmaya nail olmaq üçün tərəflərin bir sıra məsələlər üzrə çətin seçim etməsi lazım gələcək, elə ona görə də hələ razılıq əldə olunmayıb”.

E.Rubinin sözlərinə görə, ABŞ digər iki həmsədr – Rusiya və Fransa ilə birlikdə Dağlıq Qarabağ məsələsinin həllinə hər cür dəstək verəcək: “Biz birmənalı şəkildə bəyan edirik ki, vəziyyəti gərginləşdirməmək üçün hər iki tərəf mümkün olan hər şeyi etməlidir. Hazırkı gərgin və təhlükəli durumda insidentlərdən qaçmaq kritik önəmə sahibdir”.

Səxavət


Müəllif:
Загрузка...