18 Aprel 2014 12:20
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səxavət Əlisoy: "Nə qədər ki, onlar yuxarı başdadır, müxalifətin qəddi düzəlməyəcək"

Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy "Müxalifət dirçələ biləcəkmi" sualına verdiyi cavab zamanı maraqlı fikirləri ilə yadda qalıb. Müşavir bildirib ki, bu sual indi çoxlarını düşündürür: "Seçkidən sonra düçar olduğumuz depressiv vəziyyətdən çıxmaq üçün təşəbbüsdə bulunan belə gözə dəymir. Nədən ki, biriləri hər zaman olduğu kimi məğlubiyyəti "qələbə" kimi həzm etdirməklə məşğuldur, digərlərinin "MƏN"i patoloji xarakter daşıdığından duruma real qiymət vermək iqtidarında deyil.

Birilərinə məhz indiki vəziyyət sərf edir, bu, aydındır. Manevr etməklə, 2015 parlament seçkilərində pay almaq istəyirlər. Bu gedişdən kimsənin xəbər tutmayacağını düşünənlər səhv edir, bura Azərbaycandır".
Səxavət Əlisoy daha sonra "Müxalif düşərgədəki mövcud durum nə vaxta kimi davam edə bilər?" sualını şərh edib: "Nə vaxta qədər biriləri "biz bu hakimiyyəti tarixin arxivinə göndərəcəyik" deməklə baş qarışdıracaq?

Nə vaxta qədər biriləri sadəlövhlərə vəzifə vəd etməklə kreslosunu qoruyub saxlayacaq? Nə vaxta qədər biriləri şəxsi karyerasına xidmət edən aksiyalarda israr edəcək? Uzatmıram, müxalifət mübarizə taktikasını dəyişməlidir, populistlərin, irəli sürdükləri sərsəm ideyalarla müxalifətə "radikal" adı qazandıranların siyasətdən çəkilməsi lazımdır. Nə qədər ki, onlar yuxarı başdadır, müxalifətin qəddi düzəlməyəcək".

CAVİDAN


Müəllif: