21 İyul 2015 16:42
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mütərəqqi Sosialist Partiyasının (AMSP) mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi komitəsinin (MK) sədri Gülnisə Məhsimova yeni bir bəyanatla çıxış edib.

Bəyanatda Azərbaycan kommunistlərinin son illər üzləşdiyi ağır problemlərdən bəhs edilir: “04.07.2015 - 08.07.2015 günlərində Rusiya Federasiyası Dövlət Dumasının deputatı, “Nadejda Rossii” (Rusiyanın Ümidi) qadınlar hərəkatının rəhbəri Tamara Vasilyevna Pletnyova Azərbaycana səfər edib. Səfərin əsas məqsədlərindən biri AKP adı ilə mövcud olan üç qrupun nümayəndələrini bir araya gətirmək və uzun illər partiyada baş verən neqativliklərə aydınlıq gətirmək idi. Amma özünü kommunistlərin “sədri” kimi Azərbaycandan kənarda tanıtmağa can atan Rauf Qurbanov elə ilk dəqiqələrdən özünü centlmenlikdən və adi mədəniyyətdən çox-çox uzaq bir adam kimi göstərərək bütün müvəffəqiyyətsizliklərində G. Məhsimovanı günahlandırmağa çalışdı və onun haqqında kobud bir tərzdə mənfi rəy yaratmaqdan ötrü dəridən-qabıqdan çıxdı.

Əfsus ki, T.V. Pletnyova nədənsə R. Qurbanovu kommunistlərin “əbədi lideri” kimi bizə təbliğ etməyə başladı. Axı xanım Pletnyova haradan bilsin ki, bu “lider”AKP-ni öz şəxsi ofisinə döndərib və Ədliyyə Nazirliyində partiya sədri kimi qeydiyyatdan guya keçdiyi haqqında yalan məlumat verib? Xanım Pletnyova haradan bilsin ki, bu adam saxta bir möhür hazırlatdırıb, onu kommunistlərə guya AKP möhürü kimi təqdim edir? Qurbanov Kommunist Partiyaları İttifaqı – SovİKP (SKP-KPSS) kimi nüfuzlu təşkilatı və onun rəhbərlərini ona olan inamından sui-istifadə edərək aldadıb. Sözdə kommunist, beynəlmiləlçi və SKP-KPSS tərəfdarı olan, əməldə isə antikommunist və burjua millətçisi olan bu avantürist bəzi himayədarlarının vasitəsi ilə AKP-yə divan tutub və partiyanı nüfuzdan salıb. Qurbanov AKP rayon təşkilatlarını bir-bir məqsədyönlü şəkildə yox edib və özünün diktator iş üsulu ilə bir sıra nüfuzlu kommunistlərin, habelə effektiv iş görən fəalların partiyadan uzaqlaşmasına səbəb olub. Ona görə də onun bu partiya üçun etdikləri nəinki sıfıra, qatı mənfi göstəriciyə bərabərdir.

Amma Qurbanovun partiyadan götürdükləri çoxdur. Partiyanın sayəsində bu adam Milli Məclisdə deputat kürsüsü qazandı, ikinci ali təhsil və mənzil aldı. Saxta sənədlərlə deputat maaşı ilə Qurbanov ikinci qrup əlil kimi özunə təqaüd düzəltdirdi. 2012-ci ilin sonundan kommunistlərdən gizlənən bu şəxsin kommunistlərə heç bir aidiyyatı yoxdur. Kommunistlər onu lider kimi heç vaxt qəbul etməyib və etməyəcək! Qurbanov başa düşür ki, respublikada onun dayaqları yoxdur və buna görə də başqa, xarici qüvvələrdən istifadə etmək taktikası seçir. Elə bu yolla o, həm kommunistlərə, həm ictimai rəyə, həm də Azərbaycanın ixtiyar sahiblərinə təsir göstərməyə çalışır. Qurbanovun əməllərini mənəvi cəhətdən xəstə bir adamın əməlləri kimi qiymətləndirmək olar. Amma AKP-yə mənən qeyri-sağlam karyerist deyil, sağlam təfəkkürlü və əqidəli bir adam rəhbərlik etməlidir. Bu şəxsi bütün kommunistlər seçəcək! Buna hamı əmin olmalıdır”.

Cavidan


Müəllif: