22 İyul 2015 12:53
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Müsavat” qəzetinin baş redaktoru, Müsavat Partiyasından istefa verən Rauf Arifoğlu Müsavatın keçmiş başqanı İsa Qəmbərin onun “Əməkdar jurnalist” fəxri adı alması haqda fikirlərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, R. Arifoğlu “facebook” səhifəsində İsa Qəmbərə qarşı heç bir mənfi fikir səsləndirməyəcəyini yazıb: “Müsavat Partiyasının 5-ci başqanı hörmətli İsa bəy Prezident İlham Əliyevin mənə “Əməkdar jurnalist” adı verməsini və bu mükafatı şəxsən təqdim etməsini yorumlayıb. Onun bu yorumunu ölkə mediası içərisində ilk olaraq musavat.com saytı yayımlayıb. Yəni orada bizə problem ola biləcək hər hansı məqam görməmişik. Görsəydik belə, yenə də yayımlayardıq.

Mənim də verdiyim mesaj elə budur - media hər hansı bir xəbəri özünə nisbətləndirib, münasibət sərgiləməz. Lakin görürəm ki, bəziləri aranı qızışdırmaq və məndən İsa bəyə qarşı neqativ cavablar almaq istəyirlər. Bəzi suallara cavab verdim, lakin aydın olur ki, müəyyən təhriflər edilir. Ona görə də düşüncələrimi burada yazıram ki, istəyən hər kəs bundan istifadə etsin. Əsas mesajım budur: İsa bəyə qarşı, hətta mənə münasibətdə haqsızlığa yol verdiyini düşünsəm belə, heç bir neqativ cavab verməyəcəm, yazı yazmayacam. Bu, mənim əxlaqıma, törəmə, prinsiplərimə ziddir. Sözüm, etirazım, cavabım olsa, özü ilə görüşüb, özünə deyəcəm. Görüşə bilməsək də, gedib çaya, dənizə danışaram.

Digər bir mesajımsa bundan ibarətdir: Hörmətli İsa bəyin bu illər ərzində mənimlə bağlı bir sıra təsbit və qənaətləri olub. Hər biri üçün ona minnətdaram. Neqativ xarakterli bir sıra qənaətlərini də zamanında bəzən dəyişmişəm, bəzənsə unudulub gedib. İndi də son təsbit və qənaətlərindəki narahatlıqları anlayıram. Görünür, bundan sonrakı fəaliyyət prioritetlərimdən biri də o narahatlıqlara əsas olmadığını sübut etmək olacaq”.

Qeyd edək ki, İsa Qəmbər Rauf Arifoğlunun “Əməkdar jurnalist” fəxri adı almasını hakimiyyətlə barışmaq kimi qiymətləndirib.


Müəllif: