23 İyul 2015 11:35
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağaşirin Tanrıverdioğlu: "AXCP-də olan cinayətkar qruplaşma məni döyüb"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu dünən Nərimanov rayon 18-ci polis bölməsinə gedib.

Bu haqda sabiq cəbhəçinin özü bildirib.

O, deyib ki, polis bölməsinə getməkdə məqsədi AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin onu döyməsi faktı ilə bağlı etdiyi şikayətin nəticələrini öyrənməkdir: "AXCP-də olan cinayətkar qruplaşma məni döyüb. Cinayətkar bəlli, döyən və döyülən bəllidir. Sahib Kərimlinin arxasında kim durur? Bu adam cəzalandırılmalıdır. Mən Sahib Kərimli ilə heç bir münasibətdə deyiləm. Onunla danışmaq və barışmaq niyyətimdə yoxdur".

Rafiq Daşdəmirlinin istefasının səbəbi bəlli olub

Bu arada AXCP daxilində qruplar arası savaş davam edir. Hazırda Rafiq Daşdəmirlinin istefasından sonra Həsən Kərimov-Gözəl Bayramlı qrupu özünü qalib hesab edir. R.Daşdəmirlinin istefasına səbəb olan konkret fakt isə bəlli olub. Belə ki, bir müddət əvvəl R.Daşdəmirli və Arzuman Məcidli Ağaşirin Tanrıverdioğluna məktub verərək onu jurnalist Sərdar Əlibəyliyə çatdırmağı xahiş ediblər.

A.Tanrıverdioğlu da bu məktubu jurnalist Əlibəyliyə təqdim edib. Sonradan Əlibəyli bu məktubu özünün qəzetində çap edib. Bu hadisədən sonra Həsən Kərimov sözügedən məktubla maraqlanıb. Sərdar Əlibəyli isə həmin məktubu AXCP Ali Məclisinin sədri Həsən Kərimova təqdim edərək yalan bir şey çap etmədiyini, konkret müraciəti yaydığını bildirib. Həsən Kərimov məktubla tanış olanda aydın olub ki, bu müraciət Daşdəmirlinin xətti ilə yazılıb. Bununla da, Daşdəmirli asi elan edilib, ona qarşı AXCP rəhbərliyi səviyyəsində etimadsızlıq göstərilib.

Arzuman Məcidli Sahib Kərimliyə bağlı şəxsdir

Ağaşirin Tanrıverdioğlu isə deyir ki, əslində, AXCP-də istefalar başlamayıb, bu prosesə indən sonra start veriləcək: "Fərz edin ki, Müsavat laboratoriya idi, AXCP isə poliqon olacaq. Buna yüz faiz əmin olun. Qeyd edim ki, Daşdəmirli məktub olayına görə, partiyadan uzaqlaşdırılıb. Bu məsələdə Arzuman Məcidli də onun yanında olub. Bu şəxslər Sahib Kərimliyə bağlıdırlar. Sahib Kərimli partiyadaxili qruplaşmada iştirak edib, partiya rəhbərliyinin götürülməsinə və ya onun bir hissəsinə sahib çıxmağa iddialı olub. Eləcə də, mənim oturduğum çayxananın yerini Sahib Kərimliyə deyən də Arzuman Məcidli olub. Bunlar bir yerdə olan adamlardır".

A.Tanrıverdioğlu AXCP daxilində qruplaşmalar arasında gedən rəqabət və savaşdan məlumatlı olduğunu bildirib, deyib ki, partiyada bundan sonra iki variant yaşana bilər: "Birinci variant uğursuzdur. Çünki Sahib Kərimli-Rafiq Daşdəmirli-Arzuman Məcidli qrupu artıq partiyanı götürmək gücündə deyil. Ona görə ki, partiya daxilində ifşa olunublar. AXCP-nin bütün rayon təşkilatlarına onlar haqqında məlumat çatdırılıb. Məncə, bunlar çalışacaq ya qurultay günü, ya da qurultaydan öncə nəyə gücləri çatırsa, partiyanı parçalasın, 200 nəfərlə gedib özləri üçün bir qurum yaratsınlar. Hazırda bu qruplaşma partiya daxilində dediyim məqsəd üçün işləyirlər. Hesab edirəm ki, bu şəxslərə funksionerlərdən də qoşulan olacaq. Əbülfəz Qurbanlı, Seymur Həzi isə heç vaxt sədr olmaq iddiasında olmayıblar. Ancaq bu qruplaşmanın iddiası ortaya çıxandan sonra çoxları geri çəkiləcək, iddialarını açıq ortaya qoymayacaqlar. Çünki bu məsələdə yana bilərlər. İkinci variant isə hazırda güclü qruplaşmanın daha da möhkəmlənməsindən ibarətdir və bu, indi real görünür. Onu da qeyd edim ki, hazırda Sahib Kərimli AXCP Rəyasət Heyətinin toplantılarına qatılmır. Eləcə də, AXCP-nin tədbirlərində iştirak etmir. Bu da, göstərir ki, məlum hadisələrdən sonra rəhbərliyin ona qarşı etimadsızlığı var və bu, günü-gündən artır. Odur ki, istefalar qaçılmazdır”.

CAVİDAN


Müəllif: